Mariya Stenerqard: "Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır"
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard dayanıqsız atəşkəs rejimi fonunda Yaxın Şərqdəki vəziyyəti "son dərəcə gərgin" kimi xarakterizə edib.
"Report" xəbər verir ki, bu barədə İsveçin XİN rəhbəri "X" sosial şəbəkəsində yazıb.
"Yaxın Şərqdə vəziyyət hələ də son dərəcə gərgin olaraq qalır. Gecə saatlarında İsrail və Livan arasında imzalanmış çərçivə sazişi daxilində sülhün bərqərar olması istiqamətində təqdirəlayiq addımlar atıldığı bir vaxtda, biz İran və ABŞ arasındakı atəşkəs rejiminin nə qədər dayanıqsız olduğunu müşahidə edirik", - o yazıb.
Nazir əlavə edib ki, İsveç bütün tərəfləri təmkinli olmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi üzrə işləri davam etdirməyə çağırır.
"Cebheinfo.az"


