QİÇS-lə bağlı maarifləndirici seminar təşkil olundu
Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri üçün nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində maarifləndirici seminar təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, seminar zamanı tələbələr Mərkəzin fəaliyyəti, ölkəmizdə İİV infeksiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, profilaktika proqramları və psixososial dəstək xidmətləri barədə məlumat əldə ediblər.
Görüş çərçivəsində iştirakçılara İİV-lə yaşayan insanların psixoloji vəziyyəti, stigma və diskriminasiyanın təsirləri, psixoloji dəstəyin müalicə prosesində əhəmiyyəti, eləcə də pasiyentlərlə effektiv ünsiyyət və məxfilik prinsipləri haqqında ətraflı məlumat verilib.
Seminar tələbələrin gələcək peşə fəaliyyətlərində faydalı olacaq bilik və bacarıqlarının inkişafına, həmçinin İİV infeksiyası ilə bağlı maarifləndirici fəaliyyətlərə maraqlarının artırılmasına töhfə verib.
Gülər
"Cebheinfo.az"


