Migel Dias-Kanel: “Kubaya toxunmaq mümkün deyil"
Kubanın keçmiş dövlət başçısı Raul Kastro paytaxt Havana şəhərində yerləşən Karl Marks Teatrında keçirilən tədbirdə ölkə prezidenti Migel Dias-Kanel və ordunun yüksək rütbəli rəhbərliyi ilə birlikdə iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də sürgündə yaşayan müxaliflərə məxsus iki təyyarənin 1996-cı ildə vurulması ilə bağlı ona qarşı qaldırılan cinayət işindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Raul Kastronun müraciətini daxili işlər naziri Lazaro Alvares səsləndirib.
Kastro müraciətində bildirib ki, hazırkı tarixi mərhələdə nizam-intizam və məsuliyyət hissi ilə çalışmağa davam etməliyik.
O, həmçinin ölkənin üzləşdiyi çətinliklərə diqqət çəkib.Prezident Migel Dias-Kanel isə Raul Kastronun Kuba xalqı və inqilabı üçün böyük simvolik əhəmiyyət daşıdığını vurğulayaraq deyib:
"Raul Kastro Kubadır və Kubaya toxunmaq mümkün deyil".
Dias-Kanel əlavə edib ki, Kuba ABŞ ilə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan sülh və anlaşma münasibətləri qurmaq istəyir.
Bununla yanaşı, o, ölkəyə qarşı mümkün hər hansı işğal cəhdinə qətiyyətlə müqavimət göstərəcəklərini bildirib.
ABŞ Ədliyyə Nazirinin səlahiyyətlərini icra edən Todd Blanş mayın 20-də Florida ştatının Mayami şəhərində keçirdiyi mətbuat konfransında Raul Kastronun və bir neçə digər şəxsin dörd ABŞ vətəndaşının öldürülməsi məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunduğunu açıqlayıb.
Blanş qeyd edib ki, Kastro və digər təqsirləndirilən şəxslər Kubanın 1996-cı ildə "Brothers to the Rescue" humanitar yardım təşkilatına məxsus təyyarələri vurması və digər cinayətlərlə əlaqədar ittiham edilirlər.
Əfsanə
"Cebheinfo.az"


