Roma Papası XIV Leo İspaniyaya səfər edib - FOTOLAR
15 ildən sonra İspaniyaya səfər edən ilk Roma Papası olan Papa XIV Leoni Madriddəki Adolfo Suarez Madrid-Barajas Airport hava limanında İspaniya Kralı VI Filip və Baş nazir Pedro Sançez qarşılayıb.
"Cebheinfo.az" xəbər verir ki, Papa XIV Leo proqramına uyğun olaraq iyunun 9-dək Madriddə qalacaq, daha sonra isə Barselona (9-10 iyun), Kanar adalarındakı Gran Kanariya (11 iyun) və Tenerife (12 iyun) şəhərlərinə səfər edəcək.
Papanın İspaniyaya səfəri katoliklər üçün böyük dini əhəmiyyət daşısa da, Vatikan dövlət başçısının verəcəyi siyasi mesajlar da diqqət mərkəzində olacaq.
Papa XIV Leonun Yaxın Şərqdə sülhlə bağlı mesajlar verməsi gözlənilir. Belə ki, o, iyunun 8-də İspaniya parlamentində çıxış edən ilk Papa kimi tarixə düşəcək.
Son dövrlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən tənqid olunan Papa XIV Leonun, İspaniya hökumətinin Fələstin dövlətini tanıyan, İsrailə qarşı sanksiyaları dəstəkləyən və iki dövlətli həll modelində israr edən siyasətinə uyğun şəkildə Yaxın Şərqdə sülh çağırışları etməsi gözlənilir.
Bununla yanaşı, onun miqrantlarla bağlı mövzuda qütbləşməyə və nifrətə qarşı dözümlülük və həmrəylik mesajları verməsi də ehtimal olunur.
Katolik dünyasının ruhani liderinin proqramında dini baxımdan ən mühüm tədbirlərdən biri iyunun 7-də Madriddəki "Plaza de Cibeles" meydanında rəhbərlik edəcəyi bazar ayinidir. Bu mərasimdə təxminən 1 milyon nəfərin iştirak edəcəyi gözlənilir.
Papa həmçinin iyunun 10-da Barselonadakı məşhur Sagrada Família bazilikasını ziyarət edəcək.
Səfər bazilikanın memarı Antoni Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edir. Papa burada yaxın zamanda tamamlanan İsa Məsih qülləsinin rəsmi açılışını edəcək və dini ənənələrə uyğun olaraq onu təqdis edəcək.
Papa XIV Leonun səfəri ilə əlaqədar Madrid və Barselonada bir sıra küçələr nəqliyyat üçün bağlanıb, sakinlərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub.
İspaniya Daxili İşlər Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə Papanın səfər edəcəyi bütün şəhərlərdə dördüncü səviyyəli təhlükəsizlik rejiminin tətbiq edildiyini, pilotsuz uçuş aparatlarının istifadəsinin qadağan olunduğunu və 15 mindən çox təhlükəsizlik əməkdaşının cəlb edildiyini açıqlayıb.
İspan Yepiskopları Konfransı və səfərin təşkilində iştirak edən digər qurumların məlumatına görə, Papa XIV Leonun İspaniya səfərinin ümumi dəyəri təxminən 25 milyon avrodur.
Bu məbləğin özəl qurumlar, fərdi ianələr, eləcə də Madrid, Kataloniya və Kanar adaları muxtar hökumətləri tərəfindən qarşılandığı bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"


