“Fırtına öncəsi səssizlik” - Siyasi şərhçidən Ermənistan AÇIQLAMASI

“Fırtına öncəsi səssizlik” - Siyasi şərhçidən Ermənistan AÇIQLAMASI

Sabah Ermənistanda çoxlarının “tarixi və həlledici” adlandırdığı növbəti parlament seçkisi keçiriləcək.

Bu isə ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son illərdə həm daxili siyasi proseslər, həm də regionda baş verən geosiyasi dəyişikliklər fonunda seçkilərin nəticələri təkcə Ermənistanın daxili idarəetməsinə deyil, onun xarici siyasət prioritetlərinə də ciddi təsir göstərə bilər.

Bəs sabah keçiriləcək seçkilər Ermənistanın gələcək siyasi kursu üçün nə dərəcədə əhəmiyyətlidir? Seçkilərdən sonra Moskva-İrəvan münasibətlərində yeni gərginlik mərhələsinin başlanması ehtimalı varmı?

Siyasi şərhçi Oqtay Qasımov "Cebheinfo.az"-a bildirib ki, sabah Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin taleyində olduqca böyük əhəmiyyətə malik bir seçkidir:

“Bu seçkilərin nəticələri Ermənistanın gələcək siyasi kursunu və qarşıdakı illərdə hansı istiqamətdə siyasət həyata keçirəcəyini müəyyən edəcək. Artıq seçkiqabağı təbliğat kampaniyası yekunlaşıb və bu gün “sükut günü”dür. 

Dünən İrəvanın mərkəzi meydanında Nikol Paşinyanın keçirdiyi mitinq göstərdi ki, onun seçkilərdə qələbə qazanmaq şansı kifayət qədər yüksəkdir. 

O, ciddi səs üstünlü ilə bu seçkiləri qazanacaq. Söhbət ondan gedir ki, bu seçkilərin nəticələrində Paşinyanın qələbəsi şəksizdir. Amma əsas məsələ onun qələbə qazanıb-qazanmayacağı deyil, təkbaşına hökumət qurmaq imkanə əldə edib-etməyəcəyidir". 

Politoloq əlavə edib ki, bu seçkilər müəyyən mənada Ermənistanın Rusiya və Qərb arasında siyasi seçim etməsi kimi də qiymətləndirilə bilər:

"Son bir ay ərzində Rusiyanın Ermənistana müxtəlif istiqamətlərdə ciddi təzyiqlər göstərdiyinin şahidi olduq. Düşünürəm ki, bu təzyiqlər Paşinyanın qələbəsinə ciddi təsir göstərə bilməyəcək. Əgər Paşinyan təkbaşına hökumət qurmaq imkanı əldə edərsə, onun indiyədək həyata keçirdiyi siyasət davam etdiriləcək.

Bu halda Ermənistanın Qərblə münasibətlərinin daha da inkişaf etdirilməsi, eyni zamanda Rusiya ilə əlaqələrin qorunub saxlanılması istiqamətində siyasət yürüdüləcək. Buna görə də söhbət yeni siyasi mərhələdən deyil, daha çox Paşinyanın mövcud siyasətinin dərinləşdirilməsindən gedir".

Onun sözlərinə görə, hazırda Rusiya tərəfi Ermənistanın Qərblə inteqrasiya əlaqələrini biraz şişirdir:

"Belə ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı referendum təklif edir. Məncə, bunlar vaxtından əvvəl səsləndirilən fikirlərdir və Moskva daha çox bundan siyasi təzyq vasitəsi kimi istifadə etməyə çalışır. Sabah Paşinyanın qələbəsi rəsmiləşəcək. Bir daha vurğulamaq istərdim ki, əsas məsələ onun təkbaşına hökumət qurub-qurmamasıdır.

Əgər belə bir imkan yaranarsa, Ermənistanın Qərblə əlaqələri daha intensiv xarakter alacaq, Rusiyanın təsir imkanları isə müəyyən qədər zəifləyəcək. Bununla yanaşı, Paşinyan Rusiya ilə münasibətləri qorumağa da çalışacaq. Çünki Ermənistan üçün Rusiya ilə əlaqələr olduqca vacibdir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"