Azərbaycana qarşı yeni dezinformasiya cəbhəsi: “Onlar bu cür saxta xəbərlər yaymaqla...”
Azərbaycanın əleyhinə CNN-də dərc olunan və heç bir fakta əsaslanmayan materialda anonim mənbələrə istinad edilərək, İsraiin İrana qarşı Azərbaycan ərazisindən istifadə etdiyi, eləcə də İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirildiyi iddia olunub.
Azərbaycan rəsmi şəkildə dərhal məsələyə münasibət bildirib. MEDİA CNN-i peşəkar jurnalistika prinsiplərini pozmaqda və regional sabitliyə zərər vurmağa yönəlmiş dezinformasiya yaymaqda ittiham edib.
Xarici İşlər Nazirliyi isə Azərbaycanın rəsmi mövqeyinin əvvəldən CNN redaksiyasına təqdim edilməsinə baxmayaraq, bunun nəzərə alınmadığını vurğulayıb və məqalənin təkzib olunmasını tələb edib.
CNN-də yer alan bu iddiaların məhz indi gündəmə gətirilməsinin arxasında hansı siyasi məqsədlər dayana bilər?
“Cebheinfo.az”-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib ki, “CNN World” telekanalının Azərbaycan əleyhinə yaydığı saxta xəbər və dezinformasiya kampaniyası heç də təsadüfi deyil.

Onun sözlərinə görə, CNN artıq uzun illərdir ABŞ Prezidenti Donald Trampla düşmənçilik münasibətindədir:
"Məhz bu səbəbdən də Trampın yaxşı münasibətlərə malik olan ölkələr, onların liderləri və xalqları tez-tez bu kanalın qərəzli yanaşmasının hədəfinə çevrilirlər.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub, ardınca isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın İrana humanitar yardımın çatdırılması istiqamətində yaratdığı imkanlara görə təşəkkür etməsi, əlbəttə ki, həm CNN televiziyasını, həm də ABŞ-də fəaliyyət göstərən müəyyən siyasi dairələri, xüsusilə demokratları narahat edib.
Təbii ki, onlar bu cür saxta xəbərlər yaymaqla həm öz havadarlarının xoşuna gəlməyə, digər tərəfdən isə son dövrlərdə ABŞ ilə Azərbaycan arasında artan strateji və diplomatik münasibətlərdən narahat olduqlarını bir daha nümayiş etdirmiş oldular".
Hacıbəy Heydərli qeyd edib ki, bu xəbərin yalan olduğu hər kəsə bəllidir:
"Hətta Azərbaycan tərəfi də İran–İsrail və İran-ABŞ qarşıdurmasının başladığı ilk gündən etibarən rəsmi şəkildə bəyan edib ki, Azərbaycan öz ərazisindən üçüncü ölkəyə qarşı hər hansı hücuma imkan verməyəcək və münaqişəyə müdaxilə etməyəcək.
Belə olan halda, bu cür iddialar artıq ciddi rezonans doğurmur.
Məlumatın saxta olduğu ilk baxışdan da aydın görünür. Çünki Azərbaycan ərazisindən İrana hər hansı hücumun həyata keçirilməsi və ya İsrail kəşfiyyatının buradan fəaliyyət göstərməsi ilə bağlı indiyədək heç bir fakt ortaya qoyulmayıb. Fakt olmayan yerdə isə, əlbəttə, o xəbər də yalan və dezinformasiya xarakteri daşıyır".
O, vurğulayıb ki, bu kimi dezinformasiyalarla özünü demokratik media nümunəsi kimi təqdim edən qurumların əsl siması görünür:
"Hesab edirəm ki, dünya ictimaiyyəti özünü “azad” və “demokratik” media kimi təqdim edən bəzi qurumların əsl simasını görməlidir.
Azərbaycan tərəfinin, xüsusilə də Azərbaycan Xarici İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin verdiyi cavablar bir daha göstərdi ki, CNN televiziyası da Azərbaycanla bağlı əsassız iddiaların və dezinformasiya kampaniyasının iştirakçısına çevrilib.
Görünən odur ki, Azərbaycanı sevməyən qüvvələr artıq CNN kimi media platformalarından istifadə edərək bu kimi təxribatçı addımlar atmağa çalışırlar".
Əfsanə Rəcəb
"Cebheinfo.az"


