Sanksiyalardan kim daha çox əziyyət çəkir: Qərb, yoxsa Rusiya?
Bosniya və Herseqovinaya bağlı olan Serbiya Respublikasının lideri və hakim Müstəqil Sosial Demokratlar İttifaqı partiyasının sədri Milorad Dodik bildirib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən nəticəni verməyib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər Rusiyanı zəiflətmək əvəzinə, Avropa İttifaqına və ümumilikdə Qərb ölkələrinə zərər vurub.
"Cebheinfo.az" xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edən Dodik bu barədə fikirlərini bölüşüb.
“Qərbin tətbiq etdiyi sanksiyaların əsas məqsədi Rusiyanın gücünü sarsıtmaq idi. Lakin bu gün görürük ki, həmin addımlar Avropa İttifaqına və Qərbin özünə zərər vurub.
Rusiya dövləti və xalqı bu sanksiyaların təsirlərinin öhdəsindən gəlməkdə böyük müqavimət və uğur nümayiş etdirib. Belə bir dövrdə burada olmaq mənim üçün çox önəmlidir”, - deyə Dodik qeyd edib.
Forumda iştirak məqsədinə də toxunan Dodik, Moskvaya dəstəyini ifadə edərək bunları bildirib:
“Buraya Rusiyanın səylərini dəstəkləmək və həyata keçirilən xüsusi hərbi əməliyyatda qarşıya qoyulan bütün məqsədlərə nail olaraq qələbə qazanmasını arzulamaq üçün gəlmişəm. İnanıram ki, Rusiya xalqı öz tarixinə yeni bir qələbə əlavə edəcək”.
Dodik əlavə edib ki, Qərbin bütün təzyiqlərinə baxmayaraq, Rusiya sabitliyini və güclü mövqeyini qoruyub saxlayır, milli və dövlət maraqlarına sadiq qalmağa davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"


