"Paşinyan 2008-ci il 1 mart hadisələrini təkrar edəcək"-Müxalifət
Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi gərginlik davam edir.
"Cebheinfo.az" xəbər verir ki, “Güclü Ermənistan” partiyalar blokundan deputatlığa namizəd David Kazinyan jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyanın seçkilərdə məğlub olacağı təqdirdə qarşıdurmaya gedə biləcəyini bildirib.
Onun sözlərinə görə, blok istənilən ssenariyə hazırdır və mümkün xaos vəziyyətində prosesi nəzarətdə saxlaya biləcək gücə malikdir.
“Biz repressiyalar şəraitində də möhkəm dayanırıq. Hakimiyyət hansısa addımlar atmağa qərar versə, bütün ssenarilərə hazırıq”, – deyə Kazinyan vurğulayıb.
O əlavə edib ki, Paşinyanın məqsədi 2008-ci il 1 mart hadisələrinə bənzər vəziyyət yaratmaq ola bilər.
“Biz geri çəkilməyəcəyik və hər səs uğrunda Konstitusiya çərçivəsində mübarizə aparacağıq”, – deyə siyasətçi bildirib.
Qeyd edək ki, 2008-ci il 1 mart hadisələri Ermənistanda prezident seçkilərindən sonra baş vermiş kütləvi etirazlar və toqquşmalarla yadda qalıb. Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Xəzər
"Cebheinfo.az"

