Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq?

Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq?

İyunun 2-də Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib.

“Cebheinfo.az”-ın məlumatına görə, iclasda həm Ermənistandan, həm də diaspordan olan yepiskoplar və yeparxiya rəhbərləri iştirak ediblər.

Yığıncaqda vətən qarşısında duran vəzifələr, kilsə-dövlət münasibətləri, o cümlədən cəmiyyəti narahat edən bir sıra əsas mövzuların müzakirə edildiyi bildirilir.Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın son günlər başlatdığı biabırçı anti-kilsə kampaniyası xüsusi diqqət mərkəzində olub.

Daha doğrusu, Ali Ruhani Şurasının iclası son günlər Ermənistan hökuməti ilə Eçmiədzin kilsəsi münasaibətlərində müşahidə olunan gərginliyə və qarşılıqlı şəkildə səslənən ittihamlara həsr olunub. 

Ali Ruhani Şurası müzakirələrin yekununda Nikol Paşinyanın əleyhinə sərt bəyanat qəbul edib.

“Ermənistanın Baş naziri dövlət xadimi üçün yolverilməz olan, təhqir və ittihamlarla dolu leksikondan istifadə edərək, öz şəxsiyyətini qanunlardan üstün tutaraq Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb. Kobud və nalayiq ifadələrlə dolu, elementar ədəb qaydalarından məhrum nəşrlər fundamental insan hüquqlarını kobud şəkildə pozur, dindarların dini hisslərini təhqir edir və “psevdo” (yalançı düyün) - narahatlıq bəhanələri arxasında gizlənir. 

Kilsəyə qarşı düşmən mövqe açıq şəkildə siyasi məqsədlərlə diqtə olunur, erməni kilsəsinin nüfuzunu azaltmaq cəhdini əks etdirir, beynəlxalq ictimaiyyətin hörmətindən layiqincə yararlanan erməni kilsəsinin və onun ruhanilərinin nüfuzunu azaltmaq, kilsənin səsini susdurmaq və ictimai həyatda təsirini zəiflətmək cəhdini əks etdirir.  Hökumət başçısının kilsəyə qarşı nifrət dolu davranışı və onun başlatdığı, milli dəyərlərə və kilsəyə qarşı yönəlmiş proseslər dağıdıcı nəticələrlə zəngindir, erməni dövlətçiliyinə, xalqımızın vətəndə və diasporda birlik və bütövlüyünə təhlükə yaradır. 

Kilsə ilə bağlı məsələlər kilsə qanunlarına və nizamnamələrinə uyğun olaraq həll edilir və dövlət və siyasi xadimlərin səlahiyyətlərinə aid deyil”, -deyə bəyanatda qeyd edilir.

Göründüyü kimi, son günlər qarşılıqlı ittihamlarla davam edən Eçmiədzin Kilsəsinin Paşinyan hökuməti ilə qarşıdurması pik həddə çatıb.

Əslində, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanan bu ixtilaf bir neçə dəfə açıq müstəviyə keçib. Bu münaqişə kilsə-hakimiyyət münasibətlərinin qarşılıqlı siyasi təsiri ilə bağlıdır.

Yəni, Apostol kilsəsi Ermənistanda 10 illərlə radikal və terrorçu qrupların siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Ona görə də Ermənistanda kilsənin siyasi proseslərə təsiri güclüdür. Paşinyan isə revanşist müxalifətə dəstək verən erməni kilsəsini nəzarətə götürməklə öz hakimiyyətinə qarşı əsas təhlükə mənbələrindən birini neytrallaşdırmağa çalışır.  2019-cu ildə Paşinyan hökumətinin II Qaregini korrupsiyada ittiham etməsi tərəflər arasında toqquşmaya səbəb oldu. Paşinyanın “inqilabçılar” adlanan tərəfdarları katalikosa hücum edib, onun avtomobilini aşırmış, özünü isə döymüşdülər. 

Növbəti narazılıq isə 2022-ci ildə baş verdi. Paşinyan Eçmiədzin kilsəsini və II Qaregini vergidən yayınmaqda ittiham etdi. Kilsə rəhbərliyinin şam və şərab sataraq gəlirlərini dövlətdən gizlətdiyini deyən Paşinyan yoxlamalara başlatdı.

II Qareginə bağlı olan bəzi iş adamları həbs edildi. 2024-cü ildə kilsə və Paşinyan arasında üçüncü siyasi qarşıdurma baş verdi. Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar təşkil etdi.

Çox keçmədən Baqratın keçirdiyi mitinqlərinin arxasında Eçmiədzin kilsəsinin sabiq prezident Robert Köçəryanla gizli ittifaqının dayandığı məlum oldu. İlk vaxtlar artan xətt üzrə gedən aksiyalar Köçəryanın adı aşkara çıxdıqdan sonra səngidi və nəticə vermədi.

Hazırda kilsə və Paşinyan arasında münaqişə növbəti mərhələyə keçib. Paşinyan erməni kilsəsinə katolikos seçkilərində dövlətin həlledici səsə malik olmasının vacibliyini bildirib. Bu, 2026-cı ildə Ermənistanda keçiriləcək parlamanet seçkiləri öncəsi hökumətin kilsəni tamamilə nəzarətə götürmək niyyətindən xəbər verir. Çünki hazırda Ermənistanın müxalifət düşərgəsində Paşinyan hökumətinə alternativ siyasi güc mərkəzi yoxdur. Müxalifətin sıralarında siyasi pərakəndəlik müşahidə olunur. Robert Köçəryan yenidən hakimiyyət uğrunda mübarizədə iddialı görünür. 

Ancaq eks-prezident Serj Sarkisyanın ona dəstək verəcəyinə dair ehtimallar çox azdır. Köçəryan bugünlərdə Paşinyana qarşı impiçment prosedurunu həyata keçirmək üçün Vətən Partiyasının sədri Artur Vanetsyanın vahid namizd olmasını dəstəkləmədi. 

Vanetsyan isə seçkilərə təkbaşına gedəcəyini deyib. Xalq Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmədiyinə görə sabiq prezident kilsənin yardımına ümid bəsləyir. Bu səbəbdən, seçkilərdə kilsə öz namizədi ilə Paşinyana problem yarada bilər. Baş nazirın reytinqi təxminən 11 faiz qiymətləndirilir. Kilsəyə isə vətəndaşların təxminən 70 faizi etibar edir.  Hakimiyyət ən yüksək ictimai etimada, daxili siyasi proseslərə təsir imkanlarına malik olan qurumu zəiflətməyə cəhd göstərir.

Paşinyanın açıqlaması onun seçkilərə qədər katalikosun istefaya getməsinə nail olmaq və Eçmiədzinin kilsəsinin rəhbərliyinə öz adamını gətirmək istəyi kimi şərh oluna bilər. Lakin burada hökumətin kilsənin, kilsənin də siyasətə müdaxilə etdiyini görmək olar. Halbuki, Ermənistan Konstitusiyasının 17-ci maddəsinə görə, dini qurumlar dövlətdən ayrıdır. Bu baxımdan, kilsənin siyasi proseslərə müdaxiləsi yolverilməz sayılır. Eləcə də, hökumət kilsədəki seçkilərin nəticələrini müəyyən edə bilməz.

Paşinyanın bu yanaşması Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş seçki hüququnun pozulması deməkdir. Ancaq Konstitusiyanın 18-ci maddəsi Paşinyana dolayısı ilə kilsənin fəaliyyətinə nəzarət etmək imkanı yaradır. 

Həmin qaydaya görə, Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər qanunla tənzimlənə bilər. Bu müddəa tərəflər arasında hüquqi öhdəlikləri müəyyən etməklə yanaşı, Paşinyana kilsənin qanunu pozduğunu əsas gətirərək siyasi təzyiq  mexanizmlərini işə sala bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”