Seçkidə animasiya siyasəti - FOTOLAR

Cənubi Koreyada seçki gecəsi səs sayımının həyəcanını yüksək səviyyədə saxlamaq üçün siyasətçilərin animasiyaları ilə müşayiət olunan əyləncəli yayımlar baş tutur.
"Cebheinfo.az" xəbər verir ki, seçkilərdə Demokrat Partiyasının namizədi Li Cae Myonq və Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su rəqabət aparır.
Xüsusilə, SBS telekanalı seçki nəticələrini rəngli və yumoristik CGI (kompüter tərəfindən yaradılan görüntülər) animasiyaları ilə təqdim edir.
Məqsəd isə demokratiyaya marağı canlı saxlamaq, xüsusilə gənc nəslin diqqətini cəlb edərək onların seçki prosesində iştirakını təmin etməkdir.
Bu animasiyalarda kinofilmlərdə istifadə olunan xüsusi effektlərlə eyni texnologiya tətbiq olunur. Namizədlərin virtual versiyaları yaradılır.
Bu proses zamanı namizədlərin mimikaları yaşıl fon (green screen) qarşısında çəkilir. Li 2022-ci ildə də namizəd olduğundan onun əvvəlki görüntülərindən istifadə olunur. Kim isə sıx qrafiki səbəbilə yalnız üç dəqiqəlik çəkiliş edə bilib. Bu cür yayımlar yalnız namizədlərin razılığı və iştirakı ilə reallaşdırılır.
Daha sonra aktyorların hərəkətləri rəqəmsal olaraq namizədlərin üzlərinə tətbiq edilir. Ortaya çıxan animasiyalarda namizədlər tualet təmizləyərkən, velosiped sürərkən, futbol topuna zərbə endirərkən, "Squid Game" oyununda iştirak edərkən və ya "Harry Potter" və "Game of Thrones" səhnələrini canlandırarkən görünüb. Hər bir animasiya namizədin səslərinin faiz nisbətindəki dəyişikliyi simvolizə edəcək şəkildə hazırlanır.
Əfsanə Rəcəb
"Cebheinfo.az"