Tbilisidə ilk quru limanı açıldı - VİDEO

Tbilisidə ilk quru limanı açıldı - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə konteyner daşımaları üçün ilk quru yük limanı açılıb.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidze limanın açılış mərasimində iştirak edib.

Onun sözlərinə görə, “Tbilisi Dry Port” regionda ilk müasir dəmir yolu, konteyner və yük terminalıdır. 

Kobaxidze, həmçinin quru limanının 28,5 hektar ərazidə üç mərhələdə inşa olunduğunu, artıq birinci mərhələnin işə başladığını deyib.

O bildirib ki, hər üç mərhələ başa çatdıqdan sonra limanın gücü ildə 200 min konteyner təşkil edəcək: “Terminal “Orta dəhliz”lə Çin və Mərkəzi Asiyadan ticarət axınının artırılmasında vacib rol oynayacaq”.

Baş nazir əlavə edib ki, Tbilisi quru limanı nəinki Gürcüstanın dəniz limanlarına xidmət edəcək, həmçinin digər ölkələr üçün də depo funksiyasını yerinə yetirəcək.

Belə ki, yerli KİV-in yazdığına görə, sözügedən liman Azərbaycan, Türkiyə, Ermənistan və Qazaxıstan üçün konteyner habı olacaq.

Həmçinin limanın bu gün artıq Batumidən 30 konteyner daşıyan ilk qatarı qəbul etdiyi də bildirilib.

"Cebheinfo.az"