Uyğurlar orduya qatılacaq

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən 3500-ə yaxın əcnəbi keçmiş cihadçı HTŞ sıralarını tərk edərək Suriya ordusuna qoşulacaq.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə son səfərindən sonra təyin etdiyi Suriya üzrə xüsusi nümayəndə və Türkiyənin Ankaradakı səfiri Tom Barak “şəffaflıq prinsipi” çərçivəsində bu prosesi dəstəklədiklərini açıqlayıb.
Barak "Bu insanları dövlətin damı altında saxlamaq onları kənarlaşdırmaqdan və radikallaşmalarına imkan verməkdən daha təhlükəsizdir", - deyib.
“Reuters”-in üç Suriya müdafiə rəsmisinin məlumatına əsaslanaraq verdiyi xəbərə görə, təxminən 3500 cihadçı əcnəbi döyüşçü suriyalılarla birlikdə 84-cü diviziyaya daxil ediləcək.
Bu döyüşçülərin əksəriyyəti uyğurlar və Mərkəzi Asiya ölkələrindən olan keçmiş HTŞ üzvləridir.
Bu şəxslər 13 illik vətəndaş müharibəsi boyu “Həyat Təhrir əl-Şam”ın tərəfində olub, həm İŞİD, həm də digər radikal qruplarla mübarizə aparıblar.
Nigar Hacılı
"Cebheinfo.az"