DSX-nin Xüsusi Məktəbində "Son zəng" tədbiri keçirilib - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.
Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak ediblər.
Çıxış edənlər DSX-nin Xüsusi Məktəbinin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, yüksək bilik və peşəkarlığa malik, Vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sadiq sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, burada təhsil alan kursantlar təkcə nəzəri biliklərlə deyil, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq gələcəyin sərhədçi zabitləri kimi formalaşırlar. Onların ali hərbi təhsilə hazırlanması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması Xüsusi Məktəbin əsas fəaliyyət istiqamətlərindəndir.
Heydər Əliyev Fondunun dəstəyi ilə 14 il əvvəl fəaliyyətə başlamış, qısa müddət ərzində nüfuzlu və qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmiş Xüsusi Məktəbin açılış mərasimində, eləcə də 2018-ci ildə yeni inşa olunmuş ikinci tədris korpusunun istifadəyə verilməsi zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsən iştirakının ölkə rəhbərliyinin sərhəd mühafizəsinə, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinə göstərdiyi ali diqqət və qayğının bariz nümunəsi olduğu qeyd edilib.
Göstərilən etimadın nəticəsidir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci ilin yekunlarına dair keçirilmiş imtahanlarda Xüsusi Məktəbin 11-ci siniflər arasında 3, 9-cu siniflər arasında 15 kursantı fərqlənmə attestatına layiq görülüb.11-ci siniflər arasında 21, 9-cu siniflər arasında 45 kursantı 200-dən yuxarı bal toplayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub, məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.
Tədbirin yekununda 5-ci və 11-ci sinif kursantlarının iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilib.
"Cebheinfo.az"