Kahramanmaraşdakı “Azərbaycan": İki qardaş ölkənin dostluq rəmzi - FOTOLAR

İki qardaş ölkə arasında daha bir dostluq və həmrəylik simvoluna çevrilmiş Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsi ilk sakinlərini qəbul etməyə hazırlaşır.
"Cebheinfo.az" AZƏRTAC -a istinadən xəbər verir ki, 2023-cü ildə baş vermiş iki dağıdıcı zəlzələnin episentrinə çevrilmiş Türkiyə şəhərinin mərkəzi hissələrindən biri cəmi iki ildən artıq müddətdə tamamilə transformasiya olunub və qardaş ölkədə fəlakət bölgəsinin bərpasının vizit kartına çevrilib.
Bu gün Kahramanmaraş şəhərinin qonaqlarını bütün beynəlxalq standartlara cavab verən müasir yaşayış kompleksi qarşılayır və minlərlə sakin rahat mənzillərə köçməyi səbirsizliklə gözləyir.
Prezident İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib.
2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində Kahramanmaraşda yaşayış binalarının, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutan hökumətlərarası əməkdaşlıq Sazişi imzalanıb.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində ölkəmizin Nazirlər Kabinetinin icra orqanı kimi fəaliyyət göstərib. Bərpa işlərinin Türkiyə hissəsi Dövlət Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən həyata keçirilir.
Təsdiq edilmiş layihəyə əsasən, məhəllədə 68 yaşayış binasından (ümumilikdə 1194 iki, üç və dörd otaqlı mənzillər) əlavə, həmçinin ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi də istifadəyə veriləcək. Bundan əlavə, “Azərbaycan” məhəlləsində 1596 pərakəndə satış obyekti fəaliyyət göstərəcək.
Ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivinin baş planına uyğun olaraq, MİDA-ya 456 mənzilli 26 dördmərtəbəli yaşayış binasının, 328 qeyri-yaşayış obyektinin daxil olduğu 7, 8, 11 və 12-ci sahələrin tikintisi həvalə edilib.
"Cebheinfo.az"