Avropalıların ABŞ-yə inamı tarixi minimuma düşdü

Avropalıların ABŞ-yə inamı tarixi minimuma düşdü

ABŞ haqqında 36 ölkədə aparılan sorğu göstərib ki, bu ölkəni “etibarlı tərəfdaş” hesab edənlərin sayı azalıb.

"Cebheinfo.az" xəbər verir ki, Amerikanın aparıcı “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğuda 8 fevral – 13 may tarixləri arasında 36 ölkədən 42 min 151 iştirakçıya ABŞ və Prezident Donald Trampın siyasəti ilə bağlı fikirləri soruşulub.

Sorğunun nəticələri ABŞ-nin “etibarlı tərəfdaş” olması ilə bağlı təsəvvürün son illərdə nəzərəçarpacaq dərəcədə zəiflədiyini ortaya qoyub.

Bu mənfi tendensiya ABŞ ilə uzun illər iqtisadi və təhlükəsizlik sahələrində yaxın əməkdaşlıq edən bir çox ölkədə də müşahidə olunub.

Kanadada 2022-ci ildə respondentlərin 83 faizi ABŞ-ni etibarlı tərəfdaş kimi qiymətləndirirdisə, bu göstərici hazırda 35 faizə enib.

Eyni dövrdə Fransada bu nisbət 62 faizdən 27 faizə, Almaniyada isə 83 faizdən 39 faizə düşüb.

ABŞ-nin dünya miqyasında sülh və sabitliyə töhfə verdiyi fikri də bir çox ölkədə əhəmiyyətli dərəcədə zəifləyib.

Bu fikirlə razılaşanların payı Kanadada 2023-cü ildə 61 faiz olduğu halda, hazırda 30 faizə düşüb.

Eyni dövrdə Fransada bu göstərici 56 faizdən 27 faizə, Almaniyada isə 53 faizdən 35 faizə enib.

Nigar Hacılı 
"Cebheinfo.az"