Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?

Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?

Son günlər paytaxt Bakıda ciddi su problemi yaranıb. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaydığı məlumatda su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər aparıldığı bildirilib:

“Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. 

Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq”. 

Ancaq günlərdir ki, suyun verilməsi ilə bağlı hələ problem həllini tapmayıb. Maraq doğuran odur ki, paytaxtda ötən ildə də eyni vəziyyət yaranmışdı. 

Xatırladaq ki, müvafiq qurum zaman-zaman ölkədə əhalinin su ilə təminatı istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Bu istiqamətdə reallaşan tədbirlərdən biri də Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilişi olub. 

Məqsəd Abşeron yarımadasının, xüsusilə Bakı şəhərinin içməli su təchizatını əsaslı şəkildə yaxşılaşdırmaq idi. 2010-cu ildə həmin su kəməri istifadəyə verilsə də, yenə də Bakıda su problemi öz həllini tapmayıb. Son günlər paytaxtda yaranmı vəziyyətlə bağlı sosial şəbəkələrdə vətəndaşlar müxtəlif fikirlər səsləndirirlər. 

Bildirilir ki, su probleminin səbəbi paytaxtda yerləşən əyləncə mərkəzləri, villaların həyətindəki su hovuzlarının doldurulması ilə bağlıdır. 

Maraqlıdır, niyə bu qədər vəsait sərf olunsa da, hər il paytaxtda su problemi yaşanır? Yaxud həmin problemlərin həllini, məsələn, qış mövsümündə aradan qaldırmaq mümkün deyilmi ki, yay fəslində belə problemlər yaranmasın? 

Məsələ ilə bağlı millət vəkili Elşad Musayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Cənubi Qafqazda adambaşına düşən su ehtiyatlarına görə ən az su ehtiyatına malik olan ölkədir: 

“Demək belə bir vəziyyət varsa, müvafiq orqanlar ağıllı, düzgün addım atmalıdır. Qarabağ işğaldan azad edilib və həmin zonada böyük su ehtiyatımız var. Ancaq paytaxtda yağış yağır, qar yağır, problem yaranır, yay fəsli gəldikdə su problemi yaranır. 

Deməli, müvafiq orqanlar yaxşı işləmirlər. Müxtəlif yerlərdə böyük su anbarları var. Həmin su anbarları təmizlənməlidir, su ilə doldurulmalıdır. Haradasa qəza baş verməsini başa düşürük. Ancaq yay fəslində insanları su ilə imtahana çəkmək qətiyyən yolverilməzdir. 

Ona görə də hesab edirəm ki, su ilə məşğul olan, bütün qurumlar burada məsuliyyət daşıyırlar. Hər hansı bir məmur özbaşınalığı, laqeydliyi narazılıq yaradır. Biz ölkədə sabitliyin olmasında maraqlıyıq. 

Bunun üçün yerlərdə problemlər həllini tapmalıdır. Təəssüflər ki, belə problemlərlə rastlaşırıq. Yay günləridir, elə yerlər var ki, 5 gündür su verilməyib. 

Hesab edirəm ki, müvafiq orqanlar üzərinə düşən vəzifəni yerinə yetirməli və eyni zamanda həmin sahəyə baxan şəxslərlə bağlı ölçü götürülməlidir”. 

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, xətlərin təmiri nəzərdə tutula bilər: 

“Ancaq xətlərin təmiri məhz yay aylarında nəzərdə tutulursa, bu doğru deyil. Deməli, planlaşdırma problemi var. Çünki yay aylarında suya tələbat daha çox olur, bu, daha vacibdir. 

Təmiri payız və yaxud yaz aylarına salsalar daha yaxşı olar. Yay aylarında texniki təmir ən azından planlaşdırma xətası olduğundan xəbər verir və insanların əziyyət çəkməsinə səbəb olur. Ancaq əsil səbəbin nə olduğunu bilmirik. 

Rəsmi orqanlar problemi ancaq təmirlə əlaqələndirirlər. Ola bilər ki, su anbarlarının boşalması və yaxud vaxtında tədarükün görülməməsi də yay aylarında su qıtlığına səbəb olan amillərdən biri ola bilər”.

Nigar Abdulla
“Cebheinfo.az”