Dövlətə xəyanətdə ittiham olunan kapitanla bağlı qərar

Dövlətə xəyanətdə ittiham olunan kapitanla bağlı qərar

Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı olmuş Zahir Əsgərovun barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az"   ”Report”a istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Zahir Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi I instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında xarici xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu ötən dövrdə xarici xüsusi xidmət orqanları nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün digər dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov həmin məlumatları mobil telefon vasitəsilə, eləcə də xarici ölkədə həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Zahir Əsgərov 2023-cü ilin ilin noyabr ayında DTX tərəfindən həyata keçirilən əməliyyat zamanı həbs olunub.

Z.Əsgərova qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"