Folklor İnstitutunda nə baş verir? – “Direktor deyib ki, heç olmasa…”

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov tutduğu vəzifədən istefa verib.
Bu barədə Folklor İnstitutunun məsul əməkdaşlarından biri mətbuata məlumat verib. Onun sözlərinə görə, Muxtar İmanovun istefası AMEA-nın prezidenti İsa Həbibbəylinin təkidi nəticəsində baş tutub. Mənbə deyib ki, Muxtar İmanovla İsa Həbibbəyli uzun illər yaxın dost olublar, amma son vaxtlar dostların arasında “soyuq küləklər” əsməyə başlayıb. Bundan sonra AMEA prezidenti institut direktorundan könüllü şəkildə vəzifədən getməyi tələb edib. Muxtar İmanov bir müddət müqavimət göstərsə də, sonda AMEA prezidentitinin təzyiqlərinə davam gətirə bilməyib.
Onun istefa ərizəsini dünən iş gününün sonunda köməkçisi vasitəsilə AMEA prezidentinə təqdim etdiyi bildirilir.
Məsələ ilə bağlı AMEA-nın Folklor institutunun İnsan resursları şöbəsindən “Cebhe.info”-ya bu barədə deyilib:
“İşdən azad olunub, yaxud öz ərizəsi ilə çıxıb, onu deyə bilməyəcəyik. Biz özümüz də heç nə bilmirik. Ancaq direktor işdə yoxdur”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov isə “Cebhe.info”-ya bildirib ki, məlumat bir neçə gündür AMEA-da yayılıb:
“Mən də eşitmişəm. Artıq 1-2 gündür belə söhbət gedir. Rəsmi heç bir məlumat yoxdur, ancaq dəhlizdə bu barədə söhbətlər gedir ki, işdən çıxarıblar. Bu məlumat gizli saxlanılır. Bilmirəm aralarında nə baş verib. Əslində AMEA-da onsuz da çatışmazlıqlar çoxdur. Guya ki, digər institutlarda vəziyyət yaxşıdır? Nə cür istəyirlər, o cür davranırlar. Baş verən proseslə bağlı mənə hətta Dillər Universitetindən də demişdilər. Mən başa düşməmişdim. Deyilənə görə, Muxtar müəllim 1,5 stat Dillər Universitetində, 1 stat isə Folklor İnstitutunda çalışır. Deyirdilər ki, iki dövlət müəssisəsində vəzifə tutmaq qanuni deyil. Mən də eşitmişəm ki, İsa Həbibbəyli çağırıb və deyib ki, qəti olaraq ərizəni yaz, çıx. Direktor da guya xahiş edib ki, institutda heç olamsa yarımştat saxlasınlar. İsa Həbibbəyli də “olmaz” deyib. İşə gəlməmək buna əsas ola bilməz. Elə direktorlar var ki, onlar işə gəlməyəndə icraçı direktorlar, müavinlər bu vəzifəni icra edirlər”.
Nigar Abdullayeva
“Cebhe.info”