Firudin Qurbanov hökumətlərarası komissiyanın iclasında iştirak edib

Firudin Qurbanov hökumətlərarası komissiyanın iclasında iştirak edib

İyunun 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında iştirak edib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini Firudin Qurbanov çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsinin, tarixən inkişaf edən qardaşlıq münasibətlərinin və əldə olunmuş razılaşmaların dayandığını vurğulayıb.

Bildirilib ki, elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Komissiyanın iclası çərçivəsində həmçinin iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Birgə hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov iclasda çıxış edərək ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər və əməkdaşlığın yeni sahələr üzrə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.

"Cebheinfo.az"