SEPAH-ın daha 5 hərbçisi öldürüldü

İsrailin İranın qərbinə endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) beş hərbçisi həlak olub.
AZƏRTAC xəbər verir ki, Tasnim agentliyinin məlumatına görə, iyunun 21-də səhər saatlarında İsrail Lurestan əyalətinin inzibati mərkəzi olan Xorremabad şəhərinə hava zərbələri endirib.
“NourNews” agentliyi isə zərbələr nəticəsində İran Hava Hücumundan Müdafiə Qüvvələrinin 15 hərbçisinin həlak olduğunu bildirib. Ölənlər arasında briqada generalı və digər yüksəkrütbəli zabitlər də var.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb.
Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hava zərbələri davam edir.
"Cebheinfo.az"