“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Agentliyin dəstəyi ilə yeni layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Agentliyin dəstəyi ilə yeni layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasına başlayıb.

Layihə müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial həyatda fəal iştirakını təmin etmək və onlara sosial dəstək olmaq məqsədilə həyata keçirilir. İdeyanın əsasında bu qrupların sosial ehtiyaclarını qarşılamaq, mövcud problemlərinin həlli ilə, lazım gəldikdə ictimai vəkillik edərək onların cəmiyyətlə əlaqələrini gücləndirmək və sosial inteqrasiyaya dəstək olmaq dayanır. Layihə, həmçinin cəmiyyətin müxtəlif təbəqələrini bu həssas qruplara daha həssas yanaşmağa və onların problemlərini anlamağa təşviq etməyi hədəfləyir.

Üç ay davam edəcək layihə zamanı canlı yayımla “Biz Sizinləyik” adlı məlumat xarakterli televiziya verilişləri təşkil olunacaq, respublikamızın Biləsuvar rayonunda yerli İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhid ailələri, müharibə veteranları və əlilləri, imtiyazlı şəxslər və bütün kateqoriyadan əlilliyi olan insanlarla görüşərək problemləri  öyrəniləcək və həllinə köməklik göstəriləcək. Onları maraqlandıran suallar cavablandırılacaq. Eləcə də layihənin icrası zamanı problemi olan müharibə əlilləri və müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailələrinin, digər imtiyazlı şəxslərin, eləcə də məhbus əlillər və onların ailə üzvlərinin öz müraciətlərinə əsasən problemlərinin həllinə dəstək göstəriləcək, lazım gələrsə respublikamızın digər regionlarına da səfər ediləcək. Bu da əhali ilə dövlət təşkilatları arasında münasibətlərin yaxşılaşmasına xidmət edir.

"Cebheinfo.az"