Ekspert: “Peşə təhsillilər daha tez iş tapır”
Son illərdə Azərbaycanda peşə təhsilinə maraq nəzərəçarpacaq dərəcədə artıb.
Əmək bazarında ixtisaslı kadrlara tələbatın yüksəlməsi, qısa müddətdə peşə sahibi olmaq və iş tapmaq imkanlarının genişlənməsi bu sahəyə marağı artıran əsas amillərdən sayılır.
Peşə təhsili həm məşğulluğun artırılmasında, həm də əmək bazarının ehtiyac duyduğu kadrların hazırlanmasında mühüm rol oynayır.
Bəs bu marağın davamlı olması və peşə təhsilinin nüfuzunun daha da yüksəlməsi üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, son illərdə peşə təhsilinə marağın artmasına səbəb yüksək texniki peşə ixtisasları üzrə məzunların subbakalavr kimi ali təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilmələri, eləcə də peşə təhsilini bitirənlərin əmək bazarında daha asan iş tapmaq imkanına malik olmalarıdır.
“Əmək bazarında ən çox tələbat olan peşələr aşpaz, elektrik mütəxəssisi, nəqliyyat sahəsi üzrə mütəxəssis, dərzi, saç ustası və digər peşələrdir. Bu sahələrə tələb daha yüksəkdir. Ali təhsilli məzunlarla müqayisədə peşə təhsili alanların iş tapmaq imkanları daha genişdir.
Peşə təhsilinin nüfuzunun daha da artırılması üçün hesab edirəm ki, peşə təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əməkdaşlıq gücləndirilməlidir. Tələbələr üçün həmin müəssisələrdə təcrübə keçmək imkanları yaradılmalı, gələcəkdə onların işlə təmin olunması məsələsinə də xüsusi diqqət yetirilməlidir.
Son illərdə bəzi istehsalat müəssisələrində artıq dual təhsil sistemi tətbiq olunur. Peşə təhsilini seçənlər həm təhsil alır, həm də praktiki olaraq əmək fəaliyyətinə başlayırlar”.
Ekspert qeyd edib ki, peşə təhsilinin ali təhsillə müqayisədə əsas üstünlüyü məzunların əmək bazarında daha qısa müddətdə iş tapmaq imkanına malik olmalarıdır.
Aişə Abdulova
“Cebheinfo.az”

