Bakı restoranlarının məşhur yeməyi: HARAMDIR?

Bakı restoranlarının məşhur yeməyi: HARAMDIR?

Son zamanlar Bakının bəzi restoranlarında menyuya əlavə edilən qeyri-ənənəvi qidalar, xüsusilə də qurbağa əti müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə və müxtəlif platformalarda, qurbağa ətinin yeyilməsinin İslam dininə uyğunluq baxımından halal olub-olmaması ilə bağlı suallar verilir.

Milli kulinariyamıza uyğun olmadığı üçün bu mövzu həm dini, həm mədəni, həm də sağlamlıq aspektindən fərqli dəyərləndirilir.

Məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qurbağa ətinin yeyilməsi ilə bağlı İslam dinində, xüsusilə əsas mənbə olan Qurani-Kərimdə açıq şəkildə halal və ya haram olduğuna dair bir hökm yoxdur: 

“Sadəcə İslam Peyğəmbərinin (Allahın onlara salavat və salamı olsun) hədislərində qurbağanın öldürülməsinin qadağan edildiyi bildirilir. Həmçinin bəzi digər heyvanlar da var ki, onların öldürülməsi də haram hesab olunur.

Tanınmış İslam alimləri bu məsələni belə şərh edirlər ki, əgər bir heyvanın öldürülməsi qadağandırsa, onun ətinin yeyilməsi də uyğun hesab edilmir. Çünki bir heyvanın ətini yemək üçün onu əvvəlcə öldürmək lazımdır. Digər tərəfdən, qurbağa əti İslam dünyasında yayılmış və ənənəvi bir qida növü deyil.

Məsələn, çəyirtkənin yeyilməsi halaldır və bu ərəb ölkələrində dəbə çevrilib. Lakin bizim ölkədə bu cür qidalar ənənəvi hesab olunmur. Amma ölkəmizdə də bunun istifadə olunmasına dair dini qadağa yoxdur.

Dini baxımdan isə alimlərin bu barədə fikirləri müxtəlifdir. Bəziləri qurbağa ətini haram sayır, bəziləri isə məkruh, yəni bəyənilməyən, ancaq haram olmayan hesab edirlər. Digərləri isə onun yeyilməsini mümkün hesab edirlər”.

İlahiyyatçı vurğulayıb ki, burada əsas adət və ənənəyə nəzər yetirilməlidir:

“Dində elə məsələlər var ki, o bir xalqın, millətin adətinin öhdəsinə buraxılıb. Yəni, müəyyən məsələlər ictimai qəbula uyğun tənzimlənir və o yerdə bu adət necə qarşılanır buna baxılır.

Bundan başqa, qurbağa ətinin tibbi faydaları, onun milli kulinariyamıza uyğunluğu və insana zərərli olub-olmaması da nəzərə alınmalıdır. Qurbağa ətinin qida kimi təklif olunması o demək deyil ki, bütün müsəlmanlar onu yeməlidir.

Məsələn, ölkəmizə Çindən qonaqlar gələ bilər və onlar üçün menyuda onlara uyğun qidalar, hətta ilan əti və ya başqa həşərat növləri belə təqdim oluna bilər. Bu o demək deyil ki, yerli əhali də həmin qidalardan istifadə etməlidir. İlan əti İslam dinində halal sayılmır”.

Tural İrfan qurbağa ətinin də menyuya salınmasında böyük qəbahət görmür:

“Azərbaycan demokratik və dünyəvi dövlətdir. Biz dini quruluşla idarə olunmuruq. Ölkəmizdə şəriət qanunları tətbiq edilmir ki, dinin şəriətini uyğun qidalar təklif olunsun.

Əhalimizin əksəriyyəti müsəlmandır və buna uyğun olaraq halal qidalar da geniş istifadə edirlər. Lakin ölkəmizdə başqa dinlərin nümayəndələri də yaşayır və ya qonaq gəlirlər. Onların özlərinə məxsus qidalanma vərdişləri var.

Məsələn, azərbaycanlılar Çinə gedəndə orada halal qoyun əti axtarırlar. Eyni şəkildə, ölkəmizdə də müxtəlif mətbəx nümunələri təklif oluna bilər. Donuz, ilan əti və bir sıra həşəratlar həm dini, həm milli adət-ənənəmizdə, həm də mütəxəssis rəyi baxımından haramdır. Amma bəzi hallarda, məsələn, tibbi məqsədlərlə dərman preparatlarında istifadə olunması mümkündür. Onsuz da bir çox dərmanların tərkibində haram məhsullardan izlər olur”.

O vurğulayıb ki, qurbağa faydalı heyvanlardan biri sayıldığından öldürülməsi qadağan edilib:

“Məhz İslam Peyğəmbərinin (Allahın onlara salavat və salamı olsun) hədislərində öldürülməsi qadağan olan heyvanlar arasında hörümçək, bal arısı, qurbağa və qarışqa da var.

Bunların təbiət üçün faydalı və zərərsiz hesab olunması bu qadağanın səbəbi kimi göstərilir. Qurbağa da faydalı heyvanlardan biri sayıldığından onun öldürülməsi qadağan edilmişdir.

Məsələn, at əti məkruhdur, yəni haram deyil, amma bəyənilmir. Bunun səbəbi ətin keyfiyyəti ilə deyil, onun minik vasitəsi kimi əhəmiyyətli olması ilə bağlıdır.

Əgər atlar kütləvi şəkildə kəsilərsə, bu onların əsas funksiyası olan nəqliyyat vasitəsi kimi istifadəsini təhlükə altına ala bilər. Bax bu nəzərdən müəyyən heyvanların öldürüləsi qadağandır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”