Hər 5 nəfərdən birində xərçəng tapılacaq: Onkoloq SOS deyir

Hər 5 nəfərdən birində xərçəng tapılacaq: Onkoloq SOS deyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatı göstərir ki, xərçəngin diaqnostika və müalicəsində əldə olunan mühüm elmi nailiyyətlərə baxmayaraq, milyonlarla insan hələ də keyfiyyətli tibbi xidmətə çıxış imkanından məhrumdur. 

Hesabata görə, hər beş nəfərdən birinə xərçəng diaqnozu qoyulacaq, insanların 92 faizi isə xəstəlikdən ya birbaşa, ya da ailə üzvləri vasitəsilə təsirlənəcək. 

ÜST-ün Xərçənglə Mübarizə Bölməsinin rəhbəri doktor Andre İlbavi bildirib ki, son illərdə xərçəngin müalicəsində böyük elmi irəliləyişlər əldə olunsa da, bu inkişaf bütün ölkələr üçün eyni dərəcədə əlçatan deyil. 

ÜST-ün 2026-cı il Qlobal Xərçəng Hesabatında xərçəngin profilaktikası, diaqnostikası, müalicəsi və sonrakı qayğı xidmətlərinə çıxışda “davamlı və dərinləşən bərabərsizliklər”in mövcud olduğu vurğulanır. Dünyada onkoloji xəstəliklərin yayılması ildən-ilə artır və bu tendensiya artıq bir çox ölkənin səhiyyə sistemi üçün ciddi çağırışa çevrilib. 

Azərbaycan da bu prosesdən kənarda deyil, son illər ölkədə xərçəng diaqnozu qoyulan insanların sayında artım müşahidə olunur. Artıq bəzi dövlətlər mümkün risklərə indidən hazırlaşmağa başlayır. 

Məsələn, Finlandiya qarşıdakı onilliklərdə onkoloji xəstəliklərin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdıraraq səhiyyə sistemini gücləndirmək üçün 2026–2035-ci illəri əhatə edən Milli Onkologiya Strategiyasını qəbul edib. 

Strategiyada erkən diaqnostikanın genişləndirilməsi, müalicəyə çıxışın yaxşılaşdırılması və gözləmə müddətlərinin azaldılması əsas hədəflər kimi müəyyən edilib. 

“Cebheinfo.az”-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklər artan templə yayılır: 

“Onkoloji xəstəliklər gündən-günə həm ölkəmizdə, həm də bütün dünyada təəssüf ki, sürətlə artır və cavanlaşır. Artıq iki gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumata görə, hər il dünyada 20 milyon insana onkoloji xəstəlik diaqnozu qoyulur. Diaqnoz qoyulanların təxminən yarısı isə həyatını itirir. 

Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasında qeyd olunur ki, gələcək illər üçün aparılan proqnozlara əsasən, hər 5 nəfərdən birinin onkoloji xəstəliyə tutulmaq riski olacaq. Bu göstəricinin 2030-cu ilə qədər daha da aktuallaşacağı proqnozlaşdırılır. Bunun bir neçə əsas səbəbi var. 

İlk növbədə, həm ölkəmizdə, həm də dünyada “fast-food”, ultra emal olunmuş qidalar, dönər, sosis, kolbasa və qazlı içkilərdən geniş istifadə onkoloji xəstəliklərin sürətlə yayılmasına və cavanlaşmasına gətirib çıxarır. Bununla yanaşı, tütün və alkoqoldan istifadə də onkoloji xəstəliklərin artmasına səbəb olan əsas risk amillərindəndir”. 

Onkoloq qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ultra emal olunmuş qidalardan, tütün və alkoqoldan istifadə edilməməsi onkoloji xəstəliklərin yaranma riskini təxminən yarıya qədər azalda bilər: 

“Yəni onkoloji xəstəliklərin yaranmasında insanların öz həyat tərzi də böyük rol oynayır. Zərərli qidalardan və zərərli vərdişlərdən imtina edilməsi onkoloji xəstəliklərə tutulma riskini təxminən 50 % endirə bilər. Bundan əlavə, artıq çəki də əsas risk amillərindən biridir. 

Bir ay əvvəl Azərbaycanda aparılan statistikaya görə, əhalinin təxminən 10 faizi artıq çəkidən əziyyət çəkir. Artıq çəki süd vəzi, mədə və qida borusu xərçəngi də daxil olmaqla, bir sıra onkoloji xəstəliklərin yaranmasına səbəb olan əsas amillərdən biri hesab olunur. 

Digər risk faktorları isə hərəkətsiz həyat tərzi, stress və müxtəlif travmalardır. Bütün bunlar onkoloji xəstəliklərin gündən-günə artmasına və daha gənc yaşlarda müşahidə olunmasına gətirib çıxaran əsas səbəblər sırasındadır”. 

Gülər Həsənli 
“Cebheinfo.az”