Dönər, şaurma, “peraşki”: Açıq havadakı dadlı ölüm
Yay mövsümündə havaların kəskin istiləşməsi ilə birlikdə qida təhlükəsizliyi məsələsi daha da aktuallaşır.
Xüsusilə “fast-food” məhsulları, dönər, şaurma, “peraşki” və açıq şəraitdə satılan digər hazır qidalar yüksək temperaturun təsiri altında daha tez xarab ola, insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
İsti havalarda qidaların saxlanma və hazırlanma qaydalarına əməl olunmaması qida zəhərlənmələrinin sayının artmasına səbəb olur.
Bəs yay aylarında küçələrdə və yolkənarı məntəqələrdə satılan “fast-food” məhsulları hansı təhlükələri yaradır? İstehlakçılar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, qidanın dadı və görünüşü normal olsa belə, bu, onun təhlükəsiz olduğu anlamına gəlmir:

“Yay aylarında havanın temperaturunun yüksəlməsi qida məhsullarında bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Xüsusilə dönər, şaurma, hamburger və digər “fast-food” məhsulları düzgün temperaturda saxlanılmadıqda və hazırlanmadıqda qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə artırır.
Küçə və yolkənarı satış məntəqələrində əsas risklər məhsulların günəş altında qalması, soyuducu rejiminə əməl olunmaması, çiy və bişmiş qidaların təmasda olması, həmçinin şəxsi gigiyena qaydalarının pozulması ilə bağlıdır.
Ət, toyuq və sous tərkibli qidalar xüsusilə həssas məhsullar hesab olunur və isti havada qısa müddətdə belə təhlükəli mikroorqanizmlərlə çirklənə bilər”.
Ekspert qeyd edib ki, zəhərlənmə halları ən çox nəzarətsiz fəaliyyət göstərən və sanitar tələblərə tam əməl etməyən satış nöqtələrində qeydə alınır:
“İstehlakçılar qida alarkən satış məntəqəsinin təmizliyinə, işçilərin gigiyenasına, məhsulların saxlanma şəraitinə və qidanın yaxşı bişirilib-bişirilməməsinə diqqət etməlidirlər.
Kəskin qoxusu olan, uzun müddət açıq şəraitdə qalan və ya mənşəyi məlum olmayan məhsulların istehlakından çəkinmək tövsiyə olunur.
Unutmamaq lazımdır ki, yay mövsümündə qida təhlükəsizliyi qaydalarına riayət etmək qida zəhərlənmələrinin qarşısının alınmasında ən vacib amillərdən biridir. Sağlamlıq baxımından etibarlı və nəzarət olunan məntəqələrdən qida almaq daha təhlükəsiz seçim hesab olunur”.
Gülər Həsənli
“Cebheinfo.az”

