Bakı–Tbilisi–Bakı qatarına bilet tapılmır: Tur şirkətlərinə satılır?

Bakı–Tbilisi–Bakı qatarına bilet tapılmır: Tur şirkətlərinə satılır?

Son günlər Bakı-Tbilisi-Bakı qatarına bilet satışı ilə bağlı narazılıqlar səngimir, sərnişinlər bununla bağlı problemlərlə üzləşdiklərini deyirlər. 

Sosial şəbəkələrdə yayılan məlumatlarda “Bakı-Tbilisi-Bakı qatarına sıravi vətəndaş onlayn və ya kassadan bilet ala bilmirsə, necə olur ki, tur şirkətləri Tbilisidən Bakıya qayıdış bileti sata bilir? 

Əvvəlcədən alırsa, sonradan adı necə dəyişir? Kassada bilet satan 2 nəfərin məlumatların sistemə daxil edənə qədər sistem ya donur, ya da deyir ki, artıq bilet qalmadı”,-deyə bildirilir. 

Doğurdanmı, Bakı–Tbilisi–Bakı istiqaməti üzrə biletlər turizm şirkətlərinə satılır? 

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından “Cebheinfo.az”-a bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan, qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana isə bütün biletlər satılıb: “Sərnişinlər həm kassalardan, həm mobil tətbiqdən (ADY Mobile), həm də rəsmi saytdan bilet ala bilərlər. 

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə turizm şirkətləri ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə xüsusi yer ayrılmır. Biletlər hər kəs üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. 

Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilməlidir. Biletin sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. İndiyə qədər bu marşrut üzrə bilet alışının 70 faizdən çoxu onlayn həyata keçirilib”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”