Alzheimer xəstəliyi ilə bağlı yeni ARAŞDIRMA
Alimlər Alzheimer xəstəliyinin müalicəsində antioksidantların təsirini araşdırıblar.
10 500-dən çox iştirakçının qatıldığı 23 təsadüfi klinik sınağın nəticələri göstərib ki, antioksidantlar xəstəliyin əsas gedişatını əhəmiyyətli dərəcədə yavaşlatmır.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, araşdırmada vitaminlər, polifenollar, “Omeqa-3” yağ turşuları, melatonin, koenzim Q10 və digər əlavələrin təsiri qiymətləndirilib.
Nəticələrə görə, bu maddələr orqanizmdə oksidləşdirici stressin bəzi göstəricilərini azalda, həmçinin narahatlıq, əsəbilik, davranış pozuntuları və həyat keyfiyyəti kimi bəzi simptomları yaxşılaşdıra bilər.
Lakin antioksidantların yaddaş, düşünmə qabiliyyəti və digər əsas koqnitiv funksiyalara ciddi təsiri müəyyən edilməyib. Həmçinin Alzheimer xəstəliyi ilə əlaqəli əsas biomarkerlərdə, o cümlədən tau zülallarında nəzərəçarpacaq dəyişiklik müşahidə olunmayıb.
Tədqiqatçılar bildirirlər ki, antioksidantlar xəstəliyi tam dayandıran və ya dəyişdirən müalicə hesab edilə bilməz.
Bununla belə, bəzi xəstələrdə yuxu, davranış və ümumi həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əlavə dəstək kimi istifadə oluna bilər.
Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarda isə Alzheimer xəstəliyi riskini əvvəlcədən müəyyən etmək üçün göz dibinin, xüsusilə retinanın görüntülərindən istifadə imkanlarının araşdırıldığı bildirilmişdi.
Aişə Abdulova
“Cebheinfo.az”

