İş saatları dəyişdirilsə də, tıxac azalmayacaq: SƏBƏB BUNLARDIR

İş saatları dəyişdirilsə də, tıxac azalmayacaq: SƏBƏB BUNLARDIR

Tıxacların qarşısının alınması istiqamətində irəli sürülən təkliflər arasında iş saatlarının dəyişdirilməsi xüsusi yer tutur. 

Bu yanaşma, əsasən, şəhərlərdə gündəlik nəqliyyat axınının daha balanslı şəkildə paylanmasına yönəlib. Hazırkı vəziyyətdə səhər və axşam saatlarında eyni vaxtda yollara çıxan minlərlə insan həm ictimai nəqliyyatda, həm də şəxsi avtomobillərdə ciddi sıxlıq yaradır ki, bu da tıxacların əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Təklif olunan dəyişikliklərin əsas məqsədi bu pik yüklənməni bir neçə fərqli vaxta bölmək, beləliklə, eyni anda yol infrastrukturuna düşən təzyiqi azaltmaqdır. İş saatlarının dəyişdirilməsi şəhərdə tıxacların azalmasına nə dərəcə təsir göstərə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, iş saatlarının dəyişdirilməsi təkbaşına tıxac problemini tam həll edən vasitə deyil: 

“İş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələrin əsas məqsədi nəqliyyat axınını gün ərzində daha balanslı şəkildə bölüşdürmək və pik saatlarda yaranan sıxlığı azaltmaqdır. 

Dünya təcrübəsi göstərir ki, müxtəlif dövlət qurumları, təhsil müəssisələri və özəl sektorun işə başlama saatlarının fərqləndirilməsi müəyyən qədər müsbət nəticə verə bilir. Çünki minlərlə insanın eyni vaxtda yollara çıxması tıxacların yaranmasının əsas səbəblərindən biridir. 

Bu baxımdan, iş saatlarının mərhələli şəkildə tənzimlənməsi səhər və axşam nəqliyyat vasitələrinin sayını azaltmağa kömək edə bilər. Lakin iş saatlarının dəyişdirilməsi təkbaşına tıxac problemini tam həll edən vasitə deyil. 

Tıxacların yaranmasına təsir edən əsas amillər sırasında şəxsi avtomobillərin sayının artması, yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti, parklanma siyasəti, ictimai nəqliyyatın əlçatanlığı və sərnişindaşıma sisteminin səmərəliliyi də mühüm rol oynayır”. 

O qeyd edib ki, əgər bu məsələlər paralel şəkildə həll olunmazsa, iş saatlarının dəyişdirilməsinin effekti məhdud ola bilər: 

“Hazırkı nəqliyyat infrastrukturu müəyyən dərəcədə belə bir dəyişiklik üçün imkan yaratsa da, bunun uğurlu olması üçün ictimai nəqliyyatın gücləndirilməsi, metro və avtobus marşrutlarının sərnişin axınına uyğunlaşdırılması, parklanma idarəetməsinin təkmilləşdirilməsi və qurumlar arasında koordinasiyanın təmini vacibdir. 

Əks halda insanlar yenə də şəxsi avtomobillərdən istifadəyə üstünlük verəcək və gözlənilən nəticə tam əldə olunmayacaq. Ona görə də iş saatlarının dəyişdirilməsi kompleks nəqliyyat siyasətinin bir hissəsi kimi tətbiq olunarsa, şəhərdəki nəqliyyat yükünün azaldılmasına və hərəkətin daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verə bilər”. 

Gülər Həsənli 
“Cebheinfo.az”