Tramp Rusiya planını DƏYİŞİR
Tramp Ukraynaya hərbi dəstəyi artırmaq niyyətindədir.
“Cebheinfo.az” “Reuters” - ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə Rusiyaya hücumları intensivləşdirməyə çağırıb.
Agentliyin məlumatına görə, Tramp ilə Prezident Volodimir Zelenski arasında keçirilən son görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişi barədə ətraflı müzakirə aparılıb.
Tramp Zelenskiyə Rusiyaya qarşı daha cəsarətli addımlar atmağın və Kremlə təzyiqi artırmağın vacibliyini çatdırıb. Bildirilir ki, ABŞ lideri Ukraynanın hərbi və diplomatik təzyiq vasitələrindən istifadə etməklə Kremli danışıqlar masasına oturmağa məcbur edə biləcəyini deyib.
Tramp, həmçinin Rusiyanın müharibəni davam etdirməsinin Moskva üçün getdikcə daha baha başa gəldiyini və bu vəziyyətin danışıqlar üçün imkan yaratdığını bildirib.
Zelenski isə öz növbəsində Putinə təzyiqin artırılmasının vacibliyini vurğulayaraq, sülhə nail olmaq üçün əlavə sanksiyalar və beynəlxalq dəstəyin lazım olduğunu deyib.
Ekspertlər hesab edirlər ki, tərəflər Rusiyanı güzəştlərə sövq etmək üçün hərbi təzyiq və diplomatik səylərin paralel şəkildə davam etdirilməsini müzakirə ediblər.
Yunis Abdullayev
“Cebheinfo.az”

