Palma yağı faydalıdır, yoxsa zərərlidir?

Palma yağı faydalıdır, yoxsa zərərlidir?

Palma yağı uzun illərdir qida sənayesində geniş istifadə olunsa da, onun sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsi zamanı bildirib ki, cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb:

“İnsanlarda belə bir fikir var ki, palma yağı digər bitki yağları ilə müqayisədə daha təhlükəlidir. Əslində isə bu, belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı yağdır.

Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, xüsusilə qənnadı məhsullarının istehsalında istifadə olunan yağların qatı olması tələb edilir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır"

Bəs palma yağı hansı hallarda sağlamlıq üçün risk yarada bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qida üzrə ekspert Asim Vəli bildirib ki, palma yağı dünyanın bir çox ölkəsində istifadə edilir:

“Palma yağının zərərli, ya faydalı olması uzun illərdir müzakirə olunur. Amma bu mövzuda çox vaxt elmi faktlardan çox emosional yanaşmalar üstünlük təşkil edir. Palma yağı Malayziya, İndoneziya və digər tropik ölkələrdə yetişən yağ palması ağacının meyvəsindən əldə edilir.

Ucuz olduğu, uzun müddət saxlanıla bildiyi və qida sənayesində texnoloji baxımdan əlverişli olduğu üçün dünyada geniş istifadə olunur. Buna görə Azərbaycanda da son illər palma yağına tələbat artıb.

Beynəlxalq təşkilatlar bu yağı qida məhsullarında istifadəyə tam qadağan etməyib. Rəsmi olaraq istifadə olunan bitki yağları sırasındadır. Amma bütün yağlar eyni deyil. Palma yağının təxminən yarısı doymuş yağlardan ibarətdir.

Bu göstərici zeytun, günəbaxan və kanola yağı ilə müqayisədə daha yüksəkdir. Doymuş yağların çox və uzun müddət qəbulu qanda pis xolesterini artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Bu risk təkcə palma yağına yox, ümumilikdə doymuş yağlarla zəngin bütün qidalara aiddir”.

O qeyd edib ki, bəzi araşdırmalara görə, bitki yağları 200 dərəcədən yuxarı temperaturda emal olunduqda sağlamlığa zərərli ola bilən birləşmələr əmələ gələ bilər:

“Standartlara uyğun düzgün emal edilən yağlarda isə bu risk minimuma endirilir. Vacib məqam budur ki, biz palma yağını təbii formada istifadə etmirik. Əsasən emal olunmuş qidaların tərkibində qəbul edirik. Bu qidaların istehsal prosesi zamanı yağın kimyəvi tərkibi də dəyişir”.

Ekspert qeyd edib ki, etiketlərdə bəzən bitki yağı yazılır və konkret olaraq palma yağı ayrıca göstərilmir: 

“Kiçik miqdarda görünsə də, gün ərzində bir çox qida ilə biz bu limiti keçmiş oluruq. Uşaqlar və gənclər isə bu cür qidalara daha çox meylli olduqları üçün risk daha yüksəkdir.

Bir istehlakçı olaraq seçim edərkən təmiz kərə yağına, bitki mənşəli alternativlərdə isə trans yağ faizi sıfır olanlara üstünlük versək daha düzgün qərar vermiş olarıq”.

Gülər Həsənli
“Cebheinfo.az”