Rusiya qərar verdi: Azərbaycanlıların işi çətinləşdi?
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq üçün müraciət haqqı 4 200 rubldan 50 min rubla yüksəldilib. Beləliklə, vətəndaşlıq üçün dövlət rüsumu təxminən 12 dəfə artırılıb.
Bundan başqa, müvəqqəti yaşayış icazəsi üçün müraciət haqqı 1 920 rubldan 15 min rubla, daimi yaşayış icazəsi üçün ödəniş isə 6 min rubldan 30 min rubla çatdırılıb.
Qanuna əsasən, xarici işçilər üçün iş icazəsinin verilməsi ilə bağlı rüsum da artırılaraq hər bir mütəxəssis üçün 15 min rubl müəyyən edilib.
Qeyd edək ki, Rusiyada miqrantlara qarşı davamlı olaraq qaydalar sərtləşdirilir.Yeni qərar Rusiyada yaşayan miqrantlar, o cümlədən Azərbaycandan gedən işçi miqrantlar üçün hansı problem yarada bilər?
Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov "Cebheinfo.az"-a bildirib ki, Rusiyanın aidiyyəti strukturları miqrasiya sahəsində siyasətin sərtləşdirilməsi üçün bu və ya digər təşəbbüslərlə çıxış edirlər:
"Artıq Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb. Burada əsas niyyət miqrasiya siyasətini dövlətə fayda verəcək tərzdə həyata keçirilməsinə nail olmaqdır.
Bunun üçün də əgər miqrasiya prosesləri üzərində sərtləşdirməyə ehtiyac varsa, onu da reallaşdırırlar. Eyni zamanda qanuni əsaslarla ölkə ərazisində yaşayan insanlar həm də potensial fayda verə biləcək şəxslər olmalıdırlar.
Bunun üçün də onlarla bağlı prosedurların, o cümlədən də müvafiq qaydada icazələrin alınması və digər məsələlər üçün müəyyən olunmuş rüsumların artırılması, bilavasitə dövlət iqtisadiyyatına faydanın verilməsi məqsədilə edildiyini görürük.
Çünki zaman-zaman siyasi bəyanatlarda və aparılan geniş müzakirələrdə xüsusilə bildirilir ki, çoxsaylı miqrantlar ölkə ərazisində olduğu halda onlarla bağlı xüsusi bir yanaşmanı sərgiləmək lazımdır.
Bu yanaşma əsasən fayda verəcək miqrantların ölkə ərazisində qalmasına şərait yaradılmasıdır. Buradan aydın görürük ki, əməkçi miqrantlarla bağlı bir selektiv yanaşma var.
Yəni hər şəxs Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəsə də, onu reallaşdırmaya bilər. Çünki burada xüsusi yanaşma ondan ibarətdir ki, ölkə ərazisində qalacaq miqrantlar yüksək ixtisaslı kadr kimi əmək fəaliyyəti ilə məşğul olsunlar.
Burada selektiv yanaşma özünü açıq şəkildə göstərir. Digər bir tərəfdən də istəyirlər ki, bütün ölkə ərazisində yaşayan miqrantlar daha çox iqtisadi cəhətdən, sırf maliyyə nöqteyi-nəzərdən fayda gətirən şəxslər olsun".
Onun sözlərinə görə, bu kimi məsələ hər zaman narahatlıqla qarşılanır, çünki istənilən halda ölkə ərazisində çalışan miqrantlara bu mənfi təsir edəcək:
"Bildirim ki, xarici mütəxəssislərin işə götürülməsi ilə bağlı rüsumların artırılması sadəcə olaraq büdcəyə böyük maliyyə axınının baş verməsi ilə nəticələnəcək. Amma bu miqrantlara iqtisadi cəhətdən çox zərər vura biləcək bir məsələdir. Onlar müəyyən məsrəflərlə üzləşməli olacaqlar.
Belə olduğu təqdirdə öz gəlirlərini idarə edən miqrantlar ola bilsin ki, göstərdiyi xidmətlərin məbləğlərini artıra bilərlər. Bu isə onların əmək bazarında rəqabət potensialını aşağı sala bilər.
Bəzi ölkələrdən olanlara iş və müvəqqəti yaşamaq icazəsi nisbətən sadələşdirilmiş şəkildə olsa, o zaman bazarda rəqabətə davamlı ola bilməzlər.
Belə olduqda yerli kadrlar daha aşağı xidmət haqqı təklif etdiyi halda onlara üz tuta bilərlər. Bu da əcnəbi miqrantların işini itirlməsinə, gəlirlərinin azalmasına gətirib çıxara bilər. Bu isə birbaşa olaraq onların maraqlarına cavab verir.
Azərbaycanla Rusiya arasında miqrasiya mübadiləsinə gəldikdə, bu məsələ hazırda sabit qalan bir prosesdir. Düşünmürəm ki, rüsumların artması kəskin bir azalmaya gətirib çıxara bilər.
Nəzərə alsaq ki, insanlar əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə bu ölkəyə üz tuturlar. Bu o deməkdir ki, yüksək məvacibli iş axtarışında olacaqlar. Çünki istəyəcəklər ki, rüsum haqlarını ödəmək və rahat şəkildə öz ailələrinə iqtisadi cəhətdən təmin etmək üçün kifayət qədər kapital yığa bilmiş olsunlar.
Hesab edirəm ki, qərar miqrasiya mənzərəsinə kəskin təsir etsin, ancaq 1-2 faiz azalmalar ola bilər. Elə də kəskin azalmanı gözləmirəm. Bununla yanaşı istənilən halda əmək miqrantları üçün xoşagələn hal deyil. Çünki əlavə məsrəflər, itkilər əmək miqrantlarını çətin vəziyyətə sala bilir".
Nigar Abdullayeva
"Cebheinfo.az"


