443 metr yüksəkdə evlilik təklifi etdi: Saxlanıldılar - FOTOLAR

443 metr yüksəkdə evlilik təklifi etdi: Saxlanıldılar - FOTOLAR

Rusiyalı ekstremal cütlüyün ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur "Empire State Building" binasının zirvəsində nişanlanması həm təhlükəli dırmanışları, həm də yaratdıqları "romantik üsyançı" obrazı ilə dünyanın diqqət mərkəzinə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, qeyri-qanuni dırmanışı romantik evlilik təklifi ilə birləşdirən 33 yaşlı Angela Nikolau və 32 yaşlı İvan Vanya Beerkus "Empire State Building" binasının zirvəsində icazəsiz aksiya keçiriblər.

Belə ki, cütlük ABŞ-nin Nyu-York şəhərində yerləşən, 443 metr hündürlüyündəki məşhur göydələnə heç bir ip və ya təhlükəsizlik avadanlığından istifadə etmədən dırmaşıb. 

Zirvəyə çatdıqdan sonra onlar üzərində "Sevginin gücü güc sevgisinə qalib gələndə dünya sülhü tanıyacaq" sözləri yazılmış pankart açıblar.

Anten hissəsində təxminən yarım saat qaldıqdan sonra enməyə başlayıblar. Daha sonra İvan aşağı platformada diz çökərək Angelaya evlilik təklifi edib.

Xəbər helikopterlərinin canlı yayımda lentə aldığı dırmanış, pankartın açılması və evlilik təklifi qısa zamanda beynəlxalq ictimaiyyətin diqqətini çəkərək sanki real vaxtda yayımlanan macəra-romantik filmə çevrilib.

Ən ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü binalardan biri hesab edilən "Empire State Building" binasının anten hissəsinə onların necə çıxa bildiyi maraq doğurub.

Nyu-York polisinin ilkin araşdırmasına görə, cütlük yalnız texniki heyətin istifadə etdiyi 102-ci mərtəbədəki xidmət qapağından keçərək anten hissəsinə daxil olub.

Səlahiyyətli qurumlar bu qədər yüksəklikdə qəfil müdaxilənin ölümcül nəticələrə səbəb ola biləcəyini nəzərə alaraq, xüsusi qruplarla onların təhlükəsiz şəkildə enməsini gözləyib.

Yerə endirildikdən sonra cütlük oğurluq, qanunsuz daxilolma, əmlaka ziyan vurma, ictimai təhlükəsizliyi təhlükə altına qoyma və digər maddələr üzrə saxlanılıb.

Qeyd edək ki, 2016-cı ildən birlikdə olan Angela Nikolau və İvan Vanya Beerkus təhlükəsizlik ipi və qoruyucu avadanlıq olmadan dünyanın ən hündür göydələnlərinə dırmaşmaları ilə tanınırlar.

Onlar daha əvvəl Malayziyadakı Merdeka 118 və Çindəki Goldin Finance 117 binalarına da qanunsuz şəkildə dırmanmışdılar.

Cütlük 2024-cü ildə yayımlanan "Skywalkers: A Love Story" sənədli filmi ilə daha geniş tanınıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”