Repetirotluğun "qənimi" məktəblərə qayıdır

Repetirotluğun "qənimi" məktəblərə qayıdır

Azərbaycan üzrə təmayül siniflərinin əhatə dairəsi ildən-ilə genişləndirilir.

2026-2027-ci tədris ili üzrə qəbul elanlarına əsasən, yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı mərhələli şəkildə 100-ə çatdırılacaq.

Qeyd edək ki, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bildirək ki, hazırda Bakı şəhəri üzrə isə təmayül tədris modeli  daha geniş şəkildə təşkil olunur. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 194 təhsil müəssisəsində təxminən 819 təmayül sinif mövcuddur və bu siniflərdə 17 110 şagird təhsil alır.

Xatırladaq ki, təmayül siniflər bir neçə il öncə də mövcud olub və bu, şagirdlərin ali məktəblərə qəbul imkanlarının daha da genişlənməsinə şərait yaradırdı.

Məhz ölkədə repetitorluğun genişlənməsi ilə təmayül siniflərin fəaliyyəti zəifləməyə başladı.

Hazırda isə məktəblər əsasən repetitordan “asılı” vəziyyətdədir. Yeni təmayül siniflər repititorluğun qarşısını alacaqmı?

Bununla bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, əslində bu təşəbbüs çoxdan vardı və artıq iki ildir təmayül tədris modelinin reallaşdırılmasına başlanılıb:

“Nəticələr də müəyyən istiqamət üzrə bəhrə verib. Xüsusilə də regionlarda olan tanınmış müəllimlərin təmayül siniflərə cəlb edilməsi müəyyən narazılıq yaratmışdı ki, digər məktəblərdə oxuyan şagirdlərin taleyi necə olacaq?

Nəzərə alsaq ki, bu pilot layihə idi və layihəni həyata keçirməkdə məqsəd insanları həqiqətən də repetitorsuz ümumtəhsil məktəblərində oxuyub, ali təhsil müəssisəsinə qəbul olmaqla bağlı inandırmaq, bununla bağlı fikir formalaşdırmaq idi.

Bildirim ki, buna qədər də belə məktəblər vardı. Məsələn, Gəncədə fizika, riyaziyyat və informatika təmayüllü lisey vardı. Liseyin məzunları hazırlıq mərhələsindən ali təhsil müəssisələrinə 100 % nəticə ilə qəbul olunurdular.

Vaxtilə Azərbaycanda bu cür bir neçə belə məktəblər vardı və hazırda onların bazasında bu kimi təmayüllü sinifləri formalaşdırmaqla repetitorluqdan tam olmasa da, qismən xilas olmaq imkanları yaradır”.   

Nigar Abdullayeva
“Cebheinfo.az”