Venesuelanın səhiyyə sistemi çökür

Venesuelanın səhiyyə sistemi çökür

ABŞ-nin Kubanın xaricdəki tibbi missiyalarına qarşı təzyiqlərini artırması fonunda kubalı səhiyyə işçilərinin Venesuelanı tərk etməsi ölkənin dövlət səhiyyə sistemində ciddi problemlərə səbəb olur.

"Cebheinfo.az" xəbər verir ki, “Bloomberg”-in yaydığı məlumata görə, kubalı həkimlər, mütəxəssislər və digər səhiyyə işçiləri Venesueladakı tibb müəssisələrini tərk edirlər. 

Vaşinqton hesab edir ki, bu tibbi missiyalar Kuba hökumətinə mühüm maliyyə gəlirləri qazandırır və buna görə də onların fəaliyyətini məhdudlaşdırmağa çalışır.

Bu vəziyyət ən çox aztəminatlı əhaliyə xidmət göstərən dövlət səhiyyə müəssisələrində hiss olunur. Karakasın şərqində yerləşən Salvador Allende Sağlamlıq Mərkəzində kubalı personalın ayrılmasından sonra pediatr, ginekoloq, oftalmoloq və fizioterapevt kimi mütəxəssislərin xidmətlərinə çıxış xeyli çətinləşib.

Pomona Kollecinin tarixçisi Miqel Tinker Salas bildirib ki, kubalı həkimlərin geri çağırılması Kubada siyasi dəyişiklik yaratmayacaq, lakin Venesuelada səhiyyə xidmətlərinin geriləməsinə səbəb olacaq.

Onun sözlərinə görə, bu xidmətlərdən asılı olan əhali qrupları ən böyük zərəri görəcək.

Kübanın səhiyyə missiyası uzun illərdir ölkənin ən böyük beynəlxalq proqramlarından biri hesab olunur.

Ötən ilin sonunda təxminən 13 min kubalı səhiyyə işçisi Venesuelada fəaliyyət göstərirdi.

Onlar ilkin tibbi yardımdan stomatoloji xidmətlərə, göz əməliyyatlarından diabet nəzarətinə qədər geniş sahələrdə xidmət göstərir, xüsusilə kənd və yerli icmaların səhiyyə xidmətlərinə çıxışını təmin edirdilər.

“Bloomberg”-in məlumatına görə, Kuba hakimiyyəti personal itkisini azaltmaq üçün bəzi islahatları nəzərdən keçirir. Təkliflərdən biri həkimlərin ev sahibi ölkələrdən alınan ödənişlərin 95 faizinə qədərini əldə etməsinə imkan yaratmaqdır. 

Hazırkı sistemdə bu göstərici təxminən 30 faizdir.Bu addım Havananın səhiyyə işçilərinin xaricə köçməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirilir.

Kubalı mütəxəssislərin ayrılması Venesuelanın uzun illərdir davam edən iqtisadi böhranının səhiyyə sisteminə təsirlərini daha da ağırlaşdırır.

Məlumata görə, 2012–2017-ci illər arasında 22 mindən çox venesuelalı həkim ölkəni tərk edib.Xəstəxanalar və klinikalar isə avadanlıq çatışmazlığı, maliyyə problemləri və artan tibbi tələbatla mübarizə aparmağa davam edir.

Beynəlxalq təşkilatlar da ölkədə humanitar vəziyyətin pisləşdiyi barədə xəbərdarlıq edirlər.UNICEF bu il milyonlarla venesuelalı uşağın yardıma ehtiyacı olduğunu açıqlayıb. Qidalanma çatışmazlığı, qarşısı alına bilən xəstəliklər və ana sağlamlığı ilə bağlı problemlər əsas narahatlıq doğuran məsələlər sırasındadır.

Bundan əlavə, ölkə ağcaqanadlar vasitəsilə yayılan denqe qızdırması kimi xəstəliklərin yenidən geniş yayılması təhlükəsi ilə də üzləşib.

Nigar Hacılı 
"Cebheinfo.az"