Kim neçə yer qazandı: Ermənistanda mandatlar belə bölüşdürüləcək - SİYAHI

Kim neçə yer qazandı: Ermənistanda mandatlar belə bölüşdürüləcək - SİYAHI

Xəbər verdiyimiz kimi, Ermənistanda dünən parlament seçkisi keçirilib.  Səsvermədən sonra parlamentdə səslərin necə bölüşdürüləcəyi diqqət çəkir.  

Ermənistanın keçmiş ədliyyə naziri Arpine Hovannisyan Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilmiş parlament seçkilərinin ilkin nəticələrini şərh edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, səslərin bölüşdürülməsi formulunun tətbiqinə əsasən parlamentdə mandatların paylanması müəyyənləşib. 

Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 64 deputat yeri qazanıb. Hakim partiya seçkilərdə 49,825 faiz səs toplayıb. İkinci yeri 23,281 faiz səslə rusiyalı milyarder Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” bloku tutub. 

“Güclü Ermənistan” parlamentdə 29 mandatla təmsil olunacaq. Üçüncü sırada isə 9, 934 faiz səslə eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku yer qazanıb. “Ermənistan” bloku 12 deputat yeri əldə edib. 

Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası səslərin 3,996 faizini qazandığı üçün 4 faizlik seçki barajını seçə bilməyib və parlamentə düşməyib. Əslində, 4 partiyadan ibarət olan “Ermənistan” bloku da 10 faizlik barajı keçə bilmədiyinə görə parlamentdən kənarda qalmalı idi. 

Lakin Ermənistan qanunvericiliyinə parlamentdə minimum 3 siyasi partiya və ya seçki bloku təmsil olunmalıdır. Üçüncü siyasi qüvvə seçki həddini keçə bilmədikdə ona güzəşt edilir və sabit çoxluğu formalaşdırmaq üçün mandat verilir. Bu baxımdan, Köçəryana güzəşt edilərək 12 deputat yeri verilib. 

Hovannisyan qeyd edib ki, bu halda “Vətəndaş Müqaviləsi” hökuməti təkbaşına formalaşdırır və baş naziri seçmək imkanı əldə edir. Həmçinin, onun sözlərinə görə, partiya parlamentin 3/5 hissəsində ixtisaslı çoxluq qazanır ki, bu da ona konstitusiya qanunlarını qəbul etməyə və bir sıra əsas vəzifələri təyin etməyə imkan verir.

Lakin Konstitusiyaya dəyişikliklər etmək üçün zəruri olan 2/3 səviyyəsində konstitusiya çoxluğu əldə edə bilmir.

“Problem təkcə bugünkü mandatların bölüşdürülməsində deyil, həm də deputatların siyasi mövqeyinin gələcəkdə nə qədər qorunub saxlanılmasındadır”, - deyə o əlavə edib. 

Mandatların mümkün rədd edilməsi ilə bağlı vəziyyəti şərh edən Hovannisyan vurğulayıb ki, parlament bu şəkildə formalaşacaq və mandatlar digər siyasi qüvvələrə verilməyəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”