Xaricdən köçürülmək istəyən tələbələrə XOŞ XƏBƏR

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılıb.
Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaq.
TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.
Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:
1. Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization);
2. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;
3. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;
4. Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır.
5. Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207 );
Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır.
Qeyd edək ki, bir neçə gün öncə xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr “Qafqazinfo”ya müraciət edərək imtahan nəticələrinin təqdim edilməsi ilə bağlı 30 iyun tarixinə qədər vaxt qoyulmasının onları çətin vəziyyətdə qoyduğunu, həmin vaxtın uzadılmasını istəyirdilər.
"Cebheinfo.az"