Braziliya Prezidenti: “Bu, əsla müharibə deyil”

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İsrail ordusunun Qəzzada soyqırım törətdiyini vurğulayıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransada iki günlük rəsmi səfərdə olan Lula da Silva hər iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Parisdəki Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüşdən sonra iki lider birgə mətbuat konfransı keçirib. Lula da Silva çıxışında “Qəzzada baş verənlər müharibə deyil, çox yaxşı hazırlanmış ordunun qadınlara və uşaqlara qarşı törətdiyi soyqırımdır”,- deyib.
İsrailin Qəzzada törətdiyi soyqırımına beynəlxalq ictimaiyyətin reaksiya verməsi lazım olduğunu vurğulayan Lula da Silva buna görə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatlar tələb edib. Lula da Silva çıxışını belə davam etdirdi:
"Bugünkü BMT 1945-ci il BMT-si olmamalıdır. Afrika qitəsi və Cənubi Amerika qitəsi iştirak etməlidir. Almaniya kimi mühüm ölkələr olmalıdır. Hindistan niyə Təhlükəsizlik Şurasında yoxdur? İsraili dövləti qurmaq üçün kifayət qədər gücə malik olan BMT 1967-ci il sərhəd xəttini qoruyub saxlamalıdır".
Bu yaxınlarda ABŞ-də öldürülən İsrail səfirliyinin iki əməkdaşı üçün kədərləndiyini bildirən Lula da Silva Qəzzadakı uşaqlara toxunaraq, "Bir kisə un daşıyan iki uşaq eyni gündə həyatını itirdi, lakin onlara səfirlikdə ölən iki nəfər kimi həmrəylik göstərilmədi.
Biz Fələstinlilərə ikinci və ya üçüncü dərəcəli vətəndaş kimi davrana bilmərik",- deyib. Lula da Silva Qəzza zolağının işğalını arzuladığını hər gün dilə gətirən İsrailin Baş naziri Binyamin Netanyahunun bu danışmasına icazə verilməməsi lazım olduğunu vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"