Mask "bomba"nı partlatdı: "Trampın adı var”

ABŞ Prezidenti Donald Tramp və texnologiya milyarderi İlon Mask arasında gərginlik daha da dərinləşib.
"Cebheinfo.az" xəbər verir ki, Mask Trampı şokedici bir iddia ilə gündəmə gətirib. O, özünün "X" platformasında paylaşdığı statusda Trampın cinsi cinayətlərdə ittiham olunan milyarder Cefri Epşteynlə əlaqəli olduğunu iddia edib.
Mask paylaşımında “Həqiqətən böyük bomba atmağın vaxtı gəldi: real Donald Tramp, Epşteyn sənədlərində adın keçir. Yəni, onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur. Günün xeyir, DJT!”, – deyə yazıb.
Xatırladaq ki, Cefri Epşteyn uzun illər boyunca varlı şəxslərin sərvətlərini idarə edən və nüfuzlu çevrələrlə əlaqələri olan bir maliyyəçi idi. O, 2008-ci ildə Floridada azyaşlıya qarşı fahişəliyə cəlbetmə ittihamı ilə günahını etiraf etsə də, yalnız 13 ay cəza alıb. Bu isə geniş ictimai qınağa səbəb olub.
Epşteynin ABŞ-nin Virgin adalarında yerləşən şəxsi mülkü mediada “Pedofil adası” kimi tanınan ərazi, onun qanunsuz fəaliyyətlərinin mərkəzi kimi tanınır.
O, 2019-cu ilin avqustunda Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapılıb. Rəsmi olaraq bu ölüm intihar kimi təsdiqlənsə də, şərtlər və müəmmalı detallar onun sui-qəsd nəticəsində susdurulduğu versiyasını gücləndirib.
Hazırda Mask və Tramp arasında münasibətlərin normallaşması üçün vasitəçilik edən şəxslər ortaya çıxsa da, vəziyyətin necə inkişaf edəcəyi hələ ki, bəlli deyil.
Əfsanə Rəcəb
"Cebheinfo.az"