Qarabağa birgə səfərlər: "Siyasi sisteminin inkişafına töhfə verir"

Qarabağa birgə səfərlər: "Siyasi sisteminin inkişafına töhfə verir"

İyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci səfəri Cəbrayıl və Zəngilana olub. 

Səfərdə ümumilikdə, 70 -dən artıq şəxs - 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. 

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı səfərlə bağlı təəssüratlarını "Cebheinfo.az"-la bölüşüb: 

"Bu səfərlərdə partiya sədrləri, millət vəkilləri, aparıcı media rəhbərləri və ekspertlər birgə iştirak edirlər. Səfər çərçivəsində müzakirələr və səmimi söhbətlər olur. İştirakçılar arasında ölkədə, regionda, qonşu dövlətlərdə və dünyada baş verən siyasi hadisələr ətrafında müzakirələr aparılır. 

Həmçinin, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə müxtəlif məsələlərlə bağlı müraciət etmək imkanları yaranır. Bu arada, fürsətdən istifadə edərək hörmətli Ədalət Vəliyevə  bir daha təşəkkürümü bildirirəm". 

O, bu səfərlərin böyük əhəmiyyətə malik olduğunu deyib: 

"Bu, həddindən artıq əhəmiyyətli və önəmli bir səfər idi. Ümumiyyətlə, bu səfərlər siyasi partiyalarla hakimiyyət arasında yaranmış dialoqun təzahürü və davamıdır. Məsələn, 3 iyun Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ad günü idi, bilmirdik. Ancaq buna baxmayaraq, Ədalət müəllim süfrə başında Sərdar bəyi təbrik etdi, onun xidmətlərindən danışdı və tort gətirildi. Bunun özü də çox mühüm bir hadisədir. 

Əlbəttə ki, bu, hakimiyyət nümayəndəsi ilə siyasi partiyalar arasındakı əlaqənin təzahürüdür. Üstəlik, səfərlər zamanı müxalif partiyalarla müzakirələr aparılması da olduqca əhəmiyyətlidir". 

Niyaməddin Orduxanlı vurğulayıb ki, Qarabağda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir: 

"Belə səfərlər zamanı Qarabağdakı abadlıq və quruculuq işlərini canlı olaraq izləyə bilirik. Artıq işğaldan azad olunmuş ərazilərə həyat qayıdıb. Cəbrayılda insanların işlə təmin olunmasına, orada quruculuq işlərinin çox yüksək səviyyədə aparılmasına şahidlik etdik. 

Həmçinin, Zəngilanda su-elektrik stansiyasında və yenidən qurulmuş kəndlərdə olduq. Eyni zamanda, rayonunun mərkəzində dağıdılmış məscidin yenidən çox möhtəşəm səviyyədə tikilib istifadəyə verildiyini gördük". 

Partiya üzvü diqqətə çatdırıb ki, sözügedən səfərlər siyasi dialoqun inkişafına da töhfə verir: 

"Həm Cəbrayılda, həm də Zəngilanda çox yüksək səviyyədə tikinti işləri aparılır. Bunların hər biri çox vacib məsələlərdir. Onu da qeyd edim ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev həm orada görülən işlərlə bağlı bizə geniş məlumatlar verdi. Ümumiyyətlə, belə səfərlər ölkənin siyasi sisteminin inkişafına birbaşa töhfə verir. Ona görə də bu səfərlərin hər birini çox yüksək qiymətləndiririk". 

Elmir Mustafa 
"Cebheinfo.az"