Kredit ödəyən şəxs qurban kəsə bilər?

Kredit ödəyən şəxs qurban kəsə bilər?

Qurban bayramında bir çox insanı bir sual düşündürür. 

Bu barədə sosial mediada və cəmiyyətdə tez-tez müzakirələr aparılır. Borcu və ya krediti olan şəxsin qurban kəsməsi din baxımından doğrudurmu? 

Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, borcu olan şəxsin qurban kəsməsi düzgün deyil. O qeyd edib ki, qurban ibadəti imkanlı insanlar üçün vacibdir: 

"Ümumiyyətlə, qurban ibadəti maddi imkanı olan insanlar üçün vacib sayılır. Bu ibadət müəyyən maddi səviyyədə olan şəxslər üçündür ki, onlar heyvan alıb kəsə və ehtiyacı olanlara pay edə bilsinlər. Borcu olan şəxsin isə ilk növbədə o borcu ödəməklə məşğul olması daha məqsədəuyğundur. Belə insanlara qurban kəsmək yox, əksinə, qurban payı vermək daha münasibdir. Onlara yardım etmək lazımdır, yoxsa qurban kəsmək deyil". 

Tural İrfan vurğulayıb ki, bu dövrdə krediti, borcu olmayan şəxs tapmaq çətindir və qurban kəsmək məsələsində əsas meyar şəxsin maddi vəziyyəti, borcun məqsədidir: 

"Ancaq burada bir məqama da diqqət yetirmək lazımdır. Məsələn, bu gün elə bir adam tapmaq çətindir ki, heç bir kredit öhdəliyi olmasın. Tutaq ki, bir şəxs ticarətlə məşğuldur və bu məqsədlə kredit götürüb. Həmin adamın maddi imkanı da var və bu imkanla qurban kəsmək istəyir. Belə halda mümkündür. Biz niyə deyirik ki, kredit və ya borcla qurban olmaz? 

Çünki bəzi insanlar qurban kəsmək məqsədilə kredit götürürlər. Bu düzgün deyil. Əgər qurban niyyəti ilə gedib banka müraciət edib kredit götürürsənsə, bu məqbul sayılmır. Amma məqsəd başqa bir iş üçündürsə, məsələn, ticarət və ya biznes fəaliyyəti üçündürsə və həmin şəxs bu işdən qazandığı pulla qurban kəsirsə, əlbəttə ki, bu fərqlidir".

İlahiyyatçının sözlərinə görə, bu gün hətta imkanlı şəxslərin belə üzərində müəyyən kredit öhdəlikləri var: 

"Əgər yalnız kreditə baxsaq, o zaman indiki dövrdə demək olar ki, heç kim qurban kəsə bilməz. Çünki cəmiyyətin böyük əksəriyyətinin, hətta imkanlı şəxslərin belə krediti var. Onlar bəzən bina tikintisi, investisiya və ya digər böyük layihələr üçün kredit götürürlər. 

Bu şəxslər əlbəttə ki, qurban kəsməlidirlər. Burada əsas məsələ borcun səbəbi və şəxsin maddi vəziyyətidir. Əgər ehtiyacı olan, maddi imkanı zəif bir şəxs yalnız qurban kəsmək üçün borc götürürsə, bu doğru deyil. Amma imkanlı şəxs, imkanlarını daha da artırmaq, genişləndirmək məqsədilə kredit götürübsə, onun qurban kəsməsində dini baxımdan problem yoxdur". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"