Konqo və Ruanda sülh sazişi imzalayıb

Konqo və Ruanda sülh sazişi imzalayıb

Konqo Demokratik Respublikası (KDR) və Ruanda sülh sazişi imzalayıb.

"Report"un xəbərinə görə, Vaşinqtonda keçirilən rəsmi mərasimi ABŞ Dövlət Departamentinin yutub kanalı canlı yayımlayıb.

Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə KDR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Oliver Nduhunqirehe imzalayıb.

ABŞ və Qətərin vasitəçiliyi ilə imzalanmış saziş ərazi bütövlüyünə hörmət və hərbi əməliyyatların qadağan edilməsi, qeyri-dövlət silahlı qruplarının tərksilah və şərti inteqrasiyası, təhlükəsizlik məsələlərinin əlaqələndirilməsi üçün birgə mexanizmin yaradılması ilə bağlı müddəaları ehtiva edir.

Tərəflər həmçinin qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının asanlaşdırılması, humanitar yardımların açılması və regional iqtisadi inteqrasiya strukturunun yaradılması barədə razılığa gəliblər. Müqavilə tərəflər tərəfindən imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Onilliklər boyu davam edən və sönən münaqişə əsasən Konqonun resursla zəngin Şimali və Cənubi Kivu əyalətlərini əhatə edib. Bölgədəki döyüşlər yüz minlərlə insanın ölümünə və milyonlarla insanın evindən didərgin düşməsinə səbəb olub.

"Cebheinfo.az"