Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatla bağlı qərarını qismən respublikanın ikinci Liviyaya çevriləcəyi qorxusuna görə təxirə salır.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" (NYP) mənbələri məlumat verib.
Onların sözlərinə görə, Tramp son günlər dəfələrlə İsrail-İran müharibəsi kontekstində Liviyadakı vəziyyəti xatırladıb. Nəşrin mənbələrindən biri qeyd edib ki, prezident İranın Liviyaya çevrilməsini istəmir. Bundan əlavə, mənbələr Trampın ABŞ-nin hərbi əməliyyatlar keçirdiyi Əfqanıstan və İraqı da xatırladığını bildirib.
"Trampın Liviya haqqında danışmasının iki səbəbi var: birincisi, Qəddafinin başına gələnlərdən sonra yaranmış xaos. İkincisi, Liviyaya müdaxilə Şimali Koreya və İran kimi ölkələrlə danışıqları çətinləşdirib", - NYP-nin mənbəsi bildirib.
Trampın düşüncəsinə bələd olan başqa bir mənbə bildirib ki, prezident İranın Fordo və Natanzdakı nüvə obyektlərinə bunker bombalarından istifadə etməklə məhdud hava hücumlarına icazə verməyi düşünür. O qeyd edib ki, Liviyada rejim dəyişikliyinə səbəb olan daha böyük hücumlar olub.
"İranda bu baş verərsə, Trampın günahı olmayacaq", - deyə mənbə bildirib.
O qeyd edib ki, prezidentin İranın işlərinə qarışmaq niyyəti yoxdur və razılaşmaya üstünlük verir.
"Cebheinfo.az"