“Gənc nəsildə ətraf mühiti qoruma hissi, duyğusu, təşəbbüskarlığı yaşlı nəsildən daha çoxdur” - Sadiq Qarayev

Ekoloji böhranın dərinləşməsi, iqlim dəyişikliyinin get-gedə ciddi fəsadlar verməsi qarşıya aktual sual çıxarır: yüksək ekoloji şüura malik insanı necə yetişdirməli?
Alimlərin hesablamalarına görə, iqlim fəsadlarının əsas səbəblərindən biri də antropogen təsirlərdir. Yəni insan övladı özü planetimizi yaşanmaz hala gətirib çıxarmaqdadır. Daha doğrusu təbii sərvətlərin amansızlıqla talan olunması, meşə massivlərinin, su resurslarının sənayeyə qurban verilməsi ekoloji tarazlığın pozulmasına səbəb olub. Yaşadığımız planetin xilas yolu yeni insan tipinin ortaya çıxmasından keçir. Gənc nəslin ekoloji tərbiyəsi isə ailədən və erkən yaşda təhsildən başlanır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadiq Qarayevlə müsahibədə ekoloji tərbiyənin üsul və metodlarından danışdıq.
-Sadiq müəllim, gəncləri təbiətə sevgi ruhunda necə tərbiyə edək? Ekoloji tərbiyə hansı yaşlarda başlamalıdır?
-Uşaqlara ekoloji təhsili onlara məktəbə gedən ilk gündən başlamaq lazımdır. Çünki ekoloji bilgilər erkən yaşlarda təmiz beyinə yazılsa yaxşı olar. Ekoloji tərbiyənin əsas məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almaq, biomüxtəliflyi, bitki aləmini, heyvanları qorumağı, artırmağı, sevməyi aşılamaqdır. Uşaqlara bir şeyi təlqin etmək lazımdır ki, ətraf mühit, vətənin bir parçasıdır. Bir sözlə ekoloji tərbiyənin əsas məqsədi, hədəfi gənc nəsildə vətənin bütün elementlərini: canlı, cansız təbiətini sevmək, qorumaq olmalıdır.
-Sizcə uşaqlarda, yeniyetmələrdə ekoloji məsuliyyətin və ekoloji mədəniyyətin inkişafı üçün hansı metodları tətbiq etmək lazımdır?
- Gənc nəsildə ekoloji məsuliyyətin və ekoloji mədəniyyətin inkişafı üçün öncə ətraf mühitin ekoloji amillərinin mahiyyətini başa salmaq lazımdır. Məsələn, abiotik amillər, biotik amillər, ekoloji oyuq nə deməkdir. Ümumiyyətlə, ekologiyanın komponenti həm torpaqdır, həm bitkilərdir, həm heyvanlardır, həm insan özüdür, həm iqlim amilləridir. İlk öncə bunu uşaqlara başa salmaq lazımdır ki, ekoloji mühit vəhdətdədir, birdir.
Bunun hər hansı birində baş vermis fəlakət digərlərinə də təsir edir. Məsələn, şagirdlərə başa salmaq lazımdır ki, meşəsizlik suların quruması, torpağın eroziyaya uğraması, əkinə yararlı torpaqların şoranlaşması deməkdir. Və ya suların çirkləndirilməsi bitki və heyvan aləminin məhv olmasına gətirib çıxarır. Bütün bunlar temperatura, rütubətə təsir edir. Uşaqlara ayrı-ayrılıqda bu detalları başa salmaq lazımdır. Vəhdətdə olan ekoloji mühitin: torpaqlı, iqlimli, bitkili, heyvanlı bütün elementləri bir yerdə bir orqanizm kimi sağlamdır. Bunun hansısa birinə edilən müdaxilə ümumi sistemi pozur.
-Məktəblilərin ekoloji maarifləndirmə əhatəsini necə genişləndirmək olar?
- Öncə uşaqları başa salmaq lazımdır ki, xarici ölkələrin vətəndaşları təbiəti, ətraf mühiti necə qoruyur. Gənc nəsli elə tərbiyə etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə təbiətə yanaşmaya həsədlə baxsınlar, onlara bənzəməyə çalışsınlar. Yarış mühitinin yaradılması yaxşı metoddur. Bunun üçün müəyyən video-materiallardan istifadə etmək olar. Məsələn, qoy, uşaqlar görsün ki, hansısa xarici ölkədə məktəblilər ətraf ərazilərin məişət tullantılarından təmizlənməsi və ağacəkmə aksiyalarında necə həvəslə iştirak edirlər. Onlarda yaxşı mənada həsəd hissini formalaşdırmağı bacarmalıyıq.
Biz necə öz müzəffər ordumuzla fəxr ediriksə, eləcə də unikal təbiətimizlə fəxr etməliyik. Bu yaxınlarda biz 302 nömrəli məktəbdə olduq. Orada Vüsal adlı 8-ci sinif şagirdi bir unikal layihə hazırlamışdı, diqqətimi çəkdi. Şagirdlər COP-29-un kiçik bir modelini həyata keçirirdilər. Salon qurmuşdular, şagirdlər simvolik olaraq hərəsi bir ölkəni təmsil edirdi. Onlar sıra ilə durub öz ölkələrindəki ekoloji problemlərdən danışırdılar. Bu, çox gözəl bir təşəbbüsdür. Orada mənə bir daha aydın oldu ki, uşaqlara dəstək versək, onlar kreativ ideyalarda bizdən də önə çıxarlar. Fikrimcə, gənc nəsildə, xüsusən məktəblilərdə, tələbələrdə ətraf mühiti qoruma hissi, duyğusu, təşəbbüskarlığı yaşlı nəsildən daha çoxdur.
Dini mətnlərdə təbiətə sevgi ilə bağlı kəlamlar var. İslam peyğəmbəri də buyurur ki, ağacları kəsməyin, əkin sahələrinə toxunmayın. Rus çarı I Pyotr Sankt-Peterburq yaxınlığında palıd meşəsi salmışdı, o meşədən ağac kəsənləri şəxsən özü cəzalandırırdı. Ümummilli lider Heydər Əliyev Bakının yaşıllaşdırılmasını qarşısına məqsəd qoymuşdu. O vaxta qədər Bakıda yaşıllıq az idi. Bu gün cənab prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıllaşdırmaya, meşəsalmaya böyük önəm verir. Biz bu örnəkləri sadalamalı, şagirdlərə öyrətməliyik ki, dünyanın dahi insanları, aparıcı liderləri ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına böyük önəm verirlər.
Təklif edərdim ki, Bakı və Abşeronun parkları məktəblər arasında bölüşdürülsün. Hər məktəbə bir park və ya iki məktəbə bir park vermək olar. Onlar orada mövsüm zamanı ağac əkərlər, ayda bir dəfə ağaclara aqrotexniki qulluq edərlər.
-Ölkəmizdə ekoloji təhsili mövcud vəziyyəti sizi qane edirmi?
-Azərbaycanda ekoloji təhsilin mövcud vəziyyəti açığı məni qane etmir. Azərbaycan meşə sahəsi az olan ölkələr sırasındadır. Bizdə meşələr ümumi ərazinin 11.8 faizini tutur. Qonşu Gürcüstanda bu 34, Latviyada 44 faizdir. Bizdə meşə çox azdır. "Oksigen balonu"nun əsasını meşələr təşkil edir. Ona görə də meşələri qorumaq, meşə sahələrini artırmaq prioriet olmalıdır. Meşələr heyvanların, həşəratların, ekoloji mühitjn əsasını təşkil edən komponentlərin 70-80 faizinə ev sahibliyi edir. Meşə yoxdursa, orada kol da, bitki də, heyvanlar da azdır.
Səhralarda su olmur ki. Meşə su deməkdir, digər canlılar üçün ev, mühit deməkdir. Bizdə meşələrin az olmasına rəğmən təbiətə, yaşıllığa qarşı münasibət o qədər də yaxşı deyil. Avropa ölkələri ilə müqayisədə bizdə ekoloji təhsilin səviyyəsi qaneedici deyil. Ötən il sosial şəbəkələrdə də paylaşılmışdı ki, Laçın yolunda yerləşən pik-nik yerlərinə, çay kənarına nə qədər məişət tullantıları atılmışdı. Əksər bölgələrdə meşələrin ən yaxşı yerlərində restoranlar, mövsümi kafelər açılıb, masalar qoyulub. "Pik-nik"ə gedən insanlar ağacların dibini tapdalayır, orada faktiki təbii bərpa getmir. Mən Böyük Qafqazın cənub yamaclarında: Qaxda, Qəbələdə, Oğuzda, Şəkidə olmuşam və bunları müşahidə etmişəm.
Şəlalə ətrafında 200 radisundan torpaq tapdalanır. Orada suyu da mənbəyindən çirkləndirirlər. Axarlarda suya uyğunlaşmış faunaya, bitkilərə təsir edir. Ərazini məişət tullantıları ilə çirkləndirir, ağacları qırırlar. Qırılmış, zədələnmiş ağac daha tez xəstəliyə tutulur və yanındakı ağacları xəstələndirir. Təbiətimizin bu cür kritik zamanında ekoloji təhsilin vəziyyətini yaxşı qiymətlərndirmək olmaz. Bu gün əhalinin əhəmiyyətli bir hissəsi sıx şəkildə Bakı və Abşeronda məskunlaşıb. Belə bir durumda ekoloji maarifləndirməni məqbul saya bilmərik. Ekoloji maarifləndirmə qənaətbəxş olsaydı, iş adamları qazanc naminə bina dibindən bina inşa etməzdilər. Binaları sıx tikirlər, yaşıllıq sahəsi ayırmır, uşaqlara oyun meydançası saxlamırlar. Uşaq daş, beton görür, ağac görmür ki. Ağacı görmədən necə sevsin, qayğı göstərsin. Bakı getdikcə daşlaşır, betonlaşır.
Ətraf mühiti təmiz saxlamaq üçün inzibati cəzalar artmalıdır. Baxın, son zamanlar cərimə tətbiq ediləndən sonra küçədə siqaret kötükləri azalıb. Müəyyən zaman keçdikdən sonra ictimai şüur dəyişəcək, cərimələrə ehtiyac olmayacaq. İnsanlar özləri dərk edəcək ki, ətraf mühiti təmiz saxlamaq lazımdır. Biz öz məhəlləmizə, şəhərimizə, ölkəmizə evimiz kimi yanaşmalıyıq. İnsan öz həyətinə zibil atmır, suyunu çirkləndirmir. Amma bunu meşədə, çay hövzəsində edirlər. Ona görə də cərimələr olmalıdır.
-Əvvəllər gəncləri yay düşərgələrinə aparır, müəyyən könüllü inşaat işlərinə cəlb edirdilər. Orada gənclər canlı təbiətlə təmasda olur, onlarda əmək vərdişləri yaranırdı. Bu təcrübəni indi də tətbiq etmək olarmı?
-Gənclər onsuz da istədikləri yerə gedə bilirlər. Fikrimcə, biz əsasən məktəblilərlə işləməliyik. Məktəbdə dərslər bitəndən sonra uşaqlar rayon yerlərinə, nənə-baba yanına gedirlər. Bu da lazımdır. Uşaq nənə-babadan mental dəyərləri, davranış qaydalarını öyrənəcək. Ancaq yay düşərgələri olsa məktəblilər orada sosiallaşar, yeni vərdişlər qazanar. Xüsusən həmin istirahət düşərgələrinə təhsildə fərqlənən, yüksək bal toplayan gənclər aparılmalıdır ki, onlarda oxumağa əlavə stimul yaransın. İstirahət təkcə hansısa dağda, bulaq başında yeyib-içmək deyil. İnsan getdiyi səfalı yeri duymalı, oranın təbiətini öyrənməli, bitki növü ilə maraqlanmalıdır. Eləcə də şagirdlər. Bu, onların inkişafı üçün çox vacibdir. Onlar həmin səfalı yerdən zəngin təəssüratlarla qayıdacaq, şəkillər çəkəcək, gördüklərini qələmə alacaq. Biz azərbaycançılıq ideallarını milli dövlətçilik şüurunu qəbul etmiş, vətəni, dövləti sevən, müasir dünyagörüşlü yetkin vətəndaş yetişdirmək birinci milli hədəflərimizdir.
Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühiti qoru: maarifləndirmə aksiyaları" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".
"Cebheinfo.az"