Rusiyada bu səbəbdən 287 reys təxirə salındı

Ukrayna ordusunun son 24 saat ərzində paytaxt Moskva da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə etdiyi hücumlar nəticəsində 287 uçuşun ləğv olunduğu bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) yazılı açıqlamasında ölkədə dünəndən bəri davam edən intensiv PUA hücumlarına dair məlumat verilib.
Açıqlamada hücumlar səbəbindən bir sıra hava limanlarında uçuşların ləğv edildiyi və ya təxirə salındığı qeyd olunub.
Moskva, Sankt-Peterburq və Nijniy Novqorod şəhərlərindəki hava limanlarında ümumilikdə 287 uçuşun baş tutmadığı bildirilərək, “Ölkənin müxtəlif bölgələrində hava məkanının istifadəsinə dair müvəqqəti məhdudiyyətlər çərçivəsində daxili hava nəqliyyatı prosesi izlənilir. Vəziyyət idarəolunandır”, - məlumatda bildirilib.
Rusiyada əsasən Moskva olmaqla bir neçə şəhərə Ukrayna ordusu tərəfindən PUA hücumları təşkil edilib və Rusiya ordusunun hava müdafiə sistemləri bir çox Ukrayna PUA-sını məhv edib.
Nigar Hacılı
"Cebheinfo.az"