Seyran Ohanyan həbs olunur

Ermənistan Milli Məclisinin iclasında müxalifətdən olan üç deputatın toxunulmazlıq hüququnun ləğvi məsələsinə baxılır.
“Cebheinfo.az”-ın məlumatına görə, iyulun 7-də Ermənistan parlamenti arxiyepiskop Baqrat Qalstyanın tərəfdarlarından biri, “Müqəddəs mübarizə” müxalifət hərəkatının fəal iştirakçısı Artur Sarkisyanın həbsinə icazə verilməsi ilə bağlı baş prokuror Anna Vardapetyanın təkliflərinin müzakirəsinə başlayıb.
Baş Prokurorluq “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsinə icazə istəyir. İttihamçı tərəfin sözlərinə görə, o, “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində zorakılıqla hakimiyyət dəyişikliyinin hazırlanmasında iştirak edib.
Prokurorluğun məlumatına görə, Sarkisyan Vazgen Qalstanyan və iş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə 2024-cü ilin iyulundan 2025-ci ilin martına qədər hakimiyyəti zorakılıqla ələ keçirməyi və terror aktları törətməyi planlaşdırıb.
Cinayət işi 2025-ci il martın 18-də Milli Təhlükəsizlik Xidmətindən daxil olan məlumat əsasında açılıb.
Həmçinin, Baş Prokurorluq “Ermənistan” fraksiyasının deputatları Seyran Ohanyanın və Artsvik Minasyanın da deputat toxunulmazlığının ləğvi məsələsini müzakirəyə çıxarıb.
Onlar da arxiyepiskop Vazgen Qalstanyana dəstək verməkdə, terror aktları hazılamaqda və dövlət çevrilişinə cəhddə ittiham edilir.
Əgər parlament hər üç deputatın mandatına xitam versə, onları həbs cəzası gözləyir.
Müşfiq Abdulla
“Cebheinfo.az”