16 gündə 1 592 zəlzələ

Yaponiyanın cənub-qərbində 16 gün ərzində 1 592 zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Kaqoşima əyalətinə bağlı Tokara adaları son 16 gündür ardıcıl zəlzələlərlə sarsılır.
Statistikaya əsasən, 21 iyun–7 iyul tarixləri arasında adalarda maqnitudası 1 ilə 6 arasında dəyişən ümumilikdə 1592 zəlzələ qeydə alınıb. Ən son zəlzələlər 6 iyulda 4.9 və 5.5 maqnitudalı, 7 iyul yerli saatla 12:12-də isə 5.1 maqnitudalı olub.
Rəsmi “Kyodo” agentliyi bölgədə zəlzələlərlə bağlı ölən, yaralanan və dağıntıların qeydə alınmadığını bildirib. Adalardan 3 iyuldan etibarən bərə vasitəsilə əhalinin təxliyəsi davam etdirilir.
Nazirlər Kabineti Baş Katibinin müavini Aoki Kazuhiko jurnalistlərə verdiyi açıqlamada adaların sakinlərinin təhlükəsiz şəkildə təxliyəsi üçün çalışdıqlarını yenidən vurğulayıb.
Aoki deyib: “Zəlzələlərin güclü hiss olunduğu bölgələrdə evlərin uçması və torpaq sürüşməsi riski artır. Mümkün olmadıqca bu təhlükəli ərazilərə daxil olmamaq tövsiyə olunur”.
160 kilometrlik ərazini əhatə edən Tokara arxipelaqında 2023-cü ilin sentyabrında 346, 2021-ci ilin dekabrında isə 308 zəlzələ baş vermişdi.
Sahəsi cəmi 100 kvadrat kilometr olan, 7 əsas adadan ibarət Tokara adalarında 2025-ci ilin iyun ayına olan məlumata görə təxminən 670 nəfər yaşayır.
Nigar Hacılı
"Cebheinfo.az"