Tehranda futbol matçları LƏVG EDİLDİ

Tehranda futbol matçları LƏVG EDİLDİ

İranın paytaxtı Tehran şəhərində hava çirkliliyinin artması səbəbilə bütün futbol qarşılaşmaları və məşqlər ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyi Tehran Futbol Şurasının yaydığı yazılı açıqlamanı dərc edib.

Açıqlamada deyilir: “Hava çirkliliyi indeksinin yüksəlməsi və toz səviyyəsinin artması səbəbilə 7 iyul Bazar ertəsi günü Tehranda bütün yarışlar və məşqlər ləğv olunub.”

Səhər saatlarına olan məlumata əsasən, paytaxtda hava çirkliliyi 159 mikroqram/kubmetr səviyyəsində qeydə alınıb.

Şəhərin hava dövranına uyğun olmayan coğrafi mövqeyi, əhalinin sıxlığı, köhnə model avtomobillər və geniş yayılmış motosikletlərdən çıxan qazlar Tehranda hava çirkliliyini artıran əsas amillərdən sayılır.

Hava keyfiyyəti indeksi bir kubmetrlik havadakı toz hissəciklərinin (PM10) miqdarına əsasən aşağıdakı kimi dəyərləndirilir:

- 0-50: “Təmiz hava” (yaşıl)
- 51-100: “Orta” (sarı)
- 101-150: “Həssas” (narıncı)
- 151-200: “Sağlamlıq üçün zərərli” (qırmızı)
- 201-300: “Pis” (bənövşəyi)
- 301-500: “Təhlükəli” (qəhvəyi)

Nigar Hacılı 
"Cebheinfo.az"