Açıq hava şəraitində işləmək qadağan edildi – RƏSMİ

Açıq hava şəraitində işləmək qadağan edildi – RƏSMİ

Yay aylarının təsiri ilə birlikdə Avropada temperatur 40 dərəcəyə yaxınlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı açıqlamada, Meteorologiya Xidmətinin bu həftə ölkə üzrə havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlığına istinad edilərək, yüksək temperatur səbəbindən işçilər üçün görülməsi lazım olan tədbirlər sadalanıb.

Bu çərçivədə, Mərkəzi Makedoniya, İyon Adaları, Qərbi Yunanıstan, Tesaliya, Messiniya bölgələri ilə Sisam və Rodos adalarında bu gün saat 12:00–17:00 arasında açıq havada fiziki güc tələb edən işlərdə əməkdaşların işləməsi qadağan olunub.

Yükdaşıma, kuryer xidməti, tikinti və gəmiqayırma sahələrində işlər dayandırılıb.

Bundan əlavə, bu səhər İqlim Böhranı və Mülki Müdafiə Naziri Yanis Kefaloyannis rəhbərliyində digər aidiyyəti nazirlik və qurumların iştirakı ilə keçirilən görüşdə, bu həftə ölkədə gözlənilən yüksək temperaturla bağlı görüləcək tədbirlər müzakirə olunub.

Müzakirəyə əsasən, Səhiyyə Nazirliyi, Polis, Sahil Mühafizəsi, Meşə İdarəsi və Turizm Nazirliyinə bağlı bölmələr koordinasiyalı şəkildə isti hava şəraitinin mümkün mənfi təsirlərinə qarşı tədbir görəcək.

Silahlı qüvvələr də öz ərazilərində patrul gəzərək potensial təhlükələrə qarşı ayıq olacaq.

Yunanıstan Meteorologiya Xidmətinin proqnozlarına görə, bu həftə ölkə üzrə havalar isti olacaq. Bəzi bölgələrdə temperatur 40 dərəcəni keçə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"