Tramp Ankarada kiminlə görüşəcək?

Tramp Ankarada kiminlə görüşəcək?

7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsinə bir neçə gün qalıb. 

Zirvəyə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, 32 üzv ölkənin dövlət və hökumət başçılarının qatılması gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda "Prezident Rəcəb Tayyib Ərdoğana hörmətimdən irəli gələrək Ankarada keçiriləcək NATO Zirvəsinə gedirəm" demişdi. 

Prezident Ərdoğan, həmçinin Trampla şox güman ki, Ankarada görüşəcəyini  bildirmişdi. Beləliklə, Tramp Barak Obamanın 2015-ci ildəki səfərindən bəri Türkiyəyə səfər edən ilk ABŞ Prezidenti olacaq. 

İki lider arasındakı görüşün əsas gündəliyinə Türkiyə-ABŞ münasibətləri, F-35-lər, KAAN qırıcı təyyarə mühərrikləri, Suriya, İran, Qəzza və müdafiə sənayesi daxil olacağı gözlənilir. 

“Reuters” və “Financial Times”-ın məlumatına görə, Trampın, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşü ehtimal olunur.

Trampın Ukrayna lideri Vladimir Zelenski ilə görüş planları hələ də bəlli deyil. ABŞ Prezidenti Trampı Ankaraya kimin müşayiət edəcəyi ilə bağlı da qəti açıqlama verilməyib. 

Lakin ən çox çəkilən ad ABŞ dövlət katibi Marko Rubiodur. Rubio özü iyun ayında Konqresə verdiyi açıqlamada Trampın Ankarada keçiriləcək NATO sammitində iştirak edəcəyini açıqlamışdı. “Reuters”-in məlumatına görə, Rubionun da sammitdə iştirak edəcəyi gözlənilir. 

“Reuters” və “Associated Press” qeyd ediblər ki, Tramp ənənəvi olaraq NATO sammitlərində Milli Təhlükəsizlik Şurasının müşavirləri, Avropa ofisinin rəsmiləri və yüksək səviyyəli xarici siyasət qrupu üzvləri ilə iştirak edir. Lakin bu adların heç biri hələ rəsmi olaraq açıqlanmayıb. 

ABŞ Müdafiə Nazirliyinin yüksək səviyyəli hərbi və diplomatik rəsmilərinin və NATO-dan məsul şəxslərin də Ankarada olması gözlənilir. 

Nigar
“Cebheinfo.az”