Mobil telefonlar niyə bu qədər bahalaşdı?
2026-cı ilin əvvəlindən etibarən Azərbaycanda mobil telefon bazarında qiymət artımı müşahidə olunur.
Xüsusilə aşağı büdcəli və düyməli telefonlarla yanaşı, yeni nəsil smartfonların da satış qiymətlərində yüksəliş diqqət çəkir.
“Cebheinfo.az”-ın araşdırmasına görə, qiymət artımının əsas səbəblərindən biri mobil telefonların idxalı zamanı tətbiq olunan vergi və rüsum yükünün artmasıdır.
Hazırda ölkəyə gətirilən cihazlara 15 faiz gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi (ƏDV), eləcə də hər telefon üçün 20 manat aksiz vergisi və onun ƏDV-si hesablanır. Bu amillər xüsusilə aşağı qiymətli modellərin maya dəyərinə daha çox təsir edir.
Araşdırmaya əsasən, əvvəllər pərakəndə satışda 25-30 manata təklif olunan bəzi sadə düyməli telefonların qiyməti hazırda 50-60 manata qədər yüksəlib. Bu seqmentdə bahalaşma bəzi modellər üzrə 100-200 faizə yaxın qiymətləndirilir.
Rəsmi satış şəbəkələrinin onlayn platformalarında yerləşdirilən qiymətlər də bazardakı yüksək qiymət səviyyəsini göstərir.
Araşdırma zamanı müəyyən edilib ki, bəzi flaqman modellər aşağıdakı qiymətlərlə satışa çıxarılıb:
* “iPhone 17 Pro Max” (256 GB) – 3 589,99 manat;
* “iPhone 17 Pro Max” (512 GB) – 4 169,99 manat;
* “Samsung Galaxy S25 Plus” (12/256 GB) – 1 999,99 manat;
* “iPhone 17e” (256 GB) – 1 819,99 manat.
Smartfon bazarında qiymət artımı daha çox orta və premium seqmentdə hiss olunsa da, aşağı büdcəli modellərdə vergi yükünün təsiri daha yüksəkdir.
Təxmini hesablamalara görə, 150-200 manatlıq büdcə smartfonlarında artım 15-25 manat, 500-700 manatlıq orta seqment cihazlarda 20-40 manat, 1500 manatdan yuxarı premium modellərdə isə 25-50 manat arasında dəyişir.
Bundan əlavə, qlobal bazarda elektron komponentlərin qiymətindəki dəyişikliklər, logistika və nəqliyyat xərclərinin artması da mobil telefonların satış qiymətlərinə təsir göstərən amillər sırasındadır.
Mövcud vəziyyət göstərir ki, vergi və idxal şərtlərində ciddi dəyişiklik baş vermədiyi təqdirdə, yaxın aylarda mobil telefon bazarında əhəmiyyətli ucuzlaşma gözlənilmir və qiymətlərin hazırkı səviyyədə qalacağı ehtimal olunur.
Aişə Abdulova
“Cebheinfo.az”


